“Yay Fest 2026” çərçivəsində “Startap və Sahibkarlıq” düşərgəsi
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən “Yay Fest 2026” çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Startap və Sahibkarlıq” düşərgəsi başa çatıb.
5 gün davam edən düşərgənin əsas məqsədi gənclərin sahibkarlıq və startap ekosistemi barədə biliklərini artırmaq, innovativ düşüncə və biznes bacarıqlarını inkişaf etdirmək, eləcə də liderlik və komanda ruhunu gücləndirmək olub.

Düşərgə iştirakçıları proqram çərçivəsində müxtəlif təlim, praktiki sessiya, vörkşop və panel görüşlərində iştirak ediblər. “İnnovasiya və startap nədir?”, “Startapların hüquqi statusu”, “Startapdan uğura”, “Uğurlu sahibkarlığın sirləri” və “Biznes psixologiyası” kimi mövzularda keçirilən tədbirlərdə gənclərə ideyanın formalaşdırılması və inkişaf etdirilməsi, startapların fəaliyyət prinsipləri, hüquqi məsələlər və uğurlu biznes qurmağın əsasları barədə məlumat verilib.
Düşərgə çərçivəsində gənclər Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və “Xəzər” TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşovla da görüşüblər. Görüşlər zamanı iştirakçılar qonaqların şəxsi və peşəkar təcrübələri ilə tanış olub, onları maraqlandıran suallara cavab alıblar.


Maarifləndirici proqramla yanaşı, iştirakçıların asudə vaxtının səmərəli təşkili və komanda ruhunun gücləndirilməsi məqsədilə intellektual oyunlar, airsoft taktiki oyunu və müxtəlif komanda fəaliyyətləri də təşkil olunub. Gənclər Şamaxı Cümə məscidini və “Capybara Land”i ziyarət edib, bölgənin tarixi-mədəni irsi və təbiəti ilə tanış olublar. Keçirilən master-klasslar və canlı musiqi proqramları isə düşərgəyə festival ab-havası qatıb.
Beləliklə, 5 günlük “Startap və Sahibkarlıq” düşərgəsi gənclərin sahibkarlıq və innovasiya sahəsində biliklərinin artırılması, praktiki bacarıqlarının inkişaf etdirilməsi və yeni əlaqələr qurması baxımından zəngin proqramla yekunlaşıb.
Qeyd edək ki, iştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilir. Festival IDEA İctimai Birliyinin tərəfdaşlığı və bir sıra gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Elmira Ağayeva