Yay tətilində seçdiyiniz kitablar xarakteriniz haqqında nə deyir?
Aylarla günəşli havada, bir əlinizdə kitab, digər əlinizdə içki ilə istirahət edəcəyiniz yay tətilini gözləyirsiniz. Nəhayət, çamadanınızı hazırlayıb yola çıxırsınız. Bəs tətil üçün çantanıza qoyduğunuz kitab sizin xarakteriniz haqqında nə deyir?
Paris Ali Normal Məktəbinin koqnitiv alimi Edgar Duburqun sözlərinə görə, insanların yay tətilində oxumaq üçün seçdiyi kitablar heç də təsadüfi olmaya bilər. Onun fikrincə, insanın oxu siyahısı onun şəxsiyyəti, maraqları və emosional dünyası haqqında müəyyən təsəvvür yaradır.
Məsələn, triller və detektiv janrına üstünlük verən insanlar hadisələrin necə inkişaf edəcəyini əvvəlcədən düşünməkdən və sirli süjetləri izləməkdən zövq ala bilərlər. Romantik əsərləri seçənlər isə münasibətlər, sevgi və emosional hekayələrə daha çox maraq göstərə bilərlər. Qorxu janrı insanlara gündəlik həyatdan fərqli və güclü emosiyalar yaşamaq imkanı verə bilər.
Elmi-fantastik əsərlər isə oxucunu fərqli dünyalar, gələcək texnologiyalar və alternativ reallıqlarla tanış edir. Bu səbəbdən yay tətilində belə kitabları seçənlər adətən xəyal gücünü və fərqli ssenariləri kəşf etməyi sevirlər.
Kitab seçimi yalnız janrla da məhdudlaşmır. İnsan bəzən gündəlik həyatında yaşadığı hisslərə uyğun olaraq kitab seçir. Yorucu bir dövrdən sonra daha yüngül və əyləncəli əsərlərə üstünlük vermək, sakit istirahət zamanı isə daha düşündürücü kitab oxumaq mümkündür.
Beləliklə, yay tətilində çamadana qoyulan kitab sadəcə vaxt keçirmək üçün vasitə deyil. Seçilən əsər insanın həmin dövrdə nəyə maraq göstərdiyini, hansı emosiyalara ehtiyac duyduğunu və hansı hekayələrə yaxınlıq hiss etdiyini də göstərə bilər.
Səadət Əlizadə