00:00:00
Yazar
Ayan Sədi
23.06.2026 12:20 24 2 dəq oxuma
İqtisadiyyat

Yay turizmi valyuta bazarına necə təsir edir? - AÇIQLAMA 

Yay turizmi valyuta bazarına necə təsir edir? - AÇIQLAMA

Yay mövsümündə turizm məqsədilə xarici ölkələrə səfərlərin sayı əhəmiyyətli dərəcədə artır. Bu isə əhalinin xarici valyutaya olan tələbinə müəyyən təsir göstərir. 


Bəs görəsən, yay aylarında turizm məqsədilə xaricə gedənlərin sayının artması xarici valyutaya tələbi nə qədər yüksəldir? Bu dövrdə valyuta bazarında hansı dəyişikliklər müşahidə olunur və artan tələbin məzənnəyə təsiri varmı?


Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov "İnformator.az"a açıqlama verib. Onun sözlərinə görə, yay aylarında turizm mövsümünün aktivləşməsi xarici valyutaya, xüsusilə də ABŞ dolları və avroya tələbi müəyyən qədər artıran amillərdən biridir:


“Xaricə səyahət edən vətəndaşlar aviabilet, otel, alış-veriş, xidmət və digər xərclər üçün xarici valyutadan istifadə etdiklərinə görə banklarda və valyutadəyişmə məntəqələrində xarici valyutaya müraciətlər artır. Lakin turizm amilinin valyuta bazarına təsiri adətən mövsümi xarakter daşıyır və təkbaşına kəskin dəyişiklik yaratmır. Valyuta bazarının əsas istiqamətini daha çox ölkənin tədiyyə balansı, ixrac gəlirləri, neft və qaz qiymətləri, idxal həcmi, inflyasiya gözləntiləri və ümumi iqtisadi vəziyyət müəyyən edir. Yay aylarında müşahidə olunan əsas dəyişikliklərdən biri fiziki şəxslər tərəfindən nağd xarici valyutaya tələbin artmasıdır. İnsanlar səfər öncəsi valyuta aldıqları üçün banklarda dollar və avro alışlarının həcmi yüksələ bilər. Eyni zamanda xaricdən ölkəyə gələn turistlərin xərcləri və valyuta daxilolmaları müəyyən qədər balanslaşdırıcı təsir göstərə bilər”.


Ekspert vurğulayıb ki, Azərbaycan kimi xarici ticarət və enerji gəlirlərindən ciddi asılı olan iqtisadiyyatlarda turizm səbəbindən yaranan əlavə valyuta tələbi adətən məhdud təsirə malik olur:


 
“Əsas məsələ bazarda ümumi valyuta təklifinin kifayət qədər olub-olmamasıdır. Yay mövsümündə xaricə gedənlərin artması dollar və avroya olan gündəlik tələbi yüksəldə bilər, amma bu faktor, digər makroiqtisadi amillər sabit qaldığı halda, valyuta məzənnəsində ciddi dəyişikliklərə səbəb olan əsas səbəb hesab olunmur”.

 

Təhminə Abdurrəhimova 

#bazarına #valyuta #təsir #necə #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər