Yeni açıqlanan sənədlərdə Azərbaycanın da adı keçir
ABŞ-nin Ədliyyə Nazirliyi Cefri Epstinlə bağlı yeni sənədləri açıqlayıb. Üç milyon səhifə, 180 min şəkil və 2 min video “Epstein kitabxanası”nda yerləşdirilib. Sənədlərdə azyaşlı qızlardan ibarət şəbəkə və onun elektron yazışmalarına dair məlumatlar yer alır. Məktublarda Azərbaycanın və Bakının da adı çəkilir, lakin bu, dərhal cinayət təhqiqatına səbəb olacaq sübut kimi qiymətləndirilmir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında analitik, siyasi şərhçi Ali Sultanov bildirib ki, ilk öncə bunu qeyd etmək lazımdır ki, adın çəkilməsi ittiham demək deyil:
“Epstein kimi fiqurun yazışmalarında onlarla ölkənin, şəhərin, otelin, hava limanının və tədbirin adı keçir və bu, avtomatik olaraq həmin ölkənin hansısa cinayətdə iştirak etdiyini və ya günahkar olduğunu göstərmir. Azərbaycanın adı da bu sənədlərdə əsasən səyahətlərlə bağlı hallanır. Hələlik dərc olunan materiallar arasında Azərbaycanın nüfuzuna birbaşa təsir edəcək hər hansı sənəd yoxdur.
Burada önəmli olan yalnız Epstein sənədlərində konkret olaraq nə yazıldığı deyil. Məsələ ondadır ki, bu sənədlər mediada çox vaxt yanlış və səthi şəkildə şərh olunur. İnsanların əksəriyyəti düşünür ki, Epstein adlı bir şəxs dünyanın müxtəlif yerlərindən uşaqları qaçırıb, yeniyetmə qızları şantaj şəbəkəsi quraraq dünyadakı nüfuzlu insanları öz istəklərinə uyğun yönləndirib. Halbuki mesajlardan göründüyü qədər reallıq tam olaraq belə deyil".
Eyni zamanda Ali Sultanov qeyd edib ki, yazışmalardan məlum olur ki, onun “dırnaq arası” əyləncə adasına öz istəyi ilə getmək istəyənlər də olub:
“Yəni məsələ təkcə şantajdan ibarət deyil. Əlbəttə, işin ezoterik tərəfləri barədə də danışılır: uşaqların və qadınların ritual məqsədlərlə qurban verilməsi kimi iddialar var. Amma əsas sual sənədlərin sayında deyil, bu sənədlərdə adı keçən neçə nəfərin real istintaqa cəlb olunmasındadır. Cavab isə açıqdır: sıfır. Mediada bu qədər geniş müzakirə aparılmasına baxmayaraq, indiyə qədər faktiki olaraq heç kim saxlanılmayıb".
O həmçinin vurğulayıb ki, söhbət olduqca ciddi ittihamlardan gedir və bu işdə çox sayda tanınmış şəxsin adı keçir:
“Bill Gates, Elon Musk, Donald Trump, Ehud Barak, Noam Chomsky, Richard Dawkins, Jens Stoltenberg, Bill Clinton, Bush ailəsi, Stephen Hawking və sair. Yəni məsələ təkcə siyasətçilərlə məhdudlaşmır; incəsənətdən tutmuş iri şirkətlərə və qlobal elita nümayəndələrinə qədər geniş bir çevrəni əhatə edir. Bütün bunlar onu göstərir ki, Epstein sadəcə təkbaşına şantaj şəbəkəsi quran biri olmayıb və bu şəbəkə yalnız Epsteindən ibarət deyil. Onun ortağı Ghislaine Maxwell olsa da, nədənsə bu mövzuda ondan çox bəhs edilmir. Maxwellin atası Robert Maxwell İngiltərədə böyük media holdinqi olan Mirror Group-un sahibi idi. Haqqında Mossad agenti olması ilə bağlı iddialar vardı. Dənizə yıxılaraq boğulub ölməsi və ən qəribəsi isə Qüdsdə dövlət səviyyəsində dəfn olunması idi. Dərc olunan materiallarda onunla bağlı da şantaj məsələlərinə toxunulur.
Qısacası, bu sadə bir şantaj şəbəkəsi deyil. Dünyanın müxtəlif yerlərindən nüfuzlu şəxslər Epsteinlə məsləhətləşir, ondan müxtəlif mövzularda yardım istəyirdilər. Məsələn, Bill Gates pandemiya baş verməzdən illər əvvəl pandemiya simulyasiyası barədə onunla yazışıb. Mesajlarda adı göstərilməyən bəzi şəxslər isə killer tutmaq və ya kiməsə hədə-qorxu gəlmək üçün ona müraciət ediblər.
Qlobal elita məsələsinə gəldikdə isə, Epstein bəzi yazışmalarında özünü Rothschild ailəsinin nümayəndəsi kimi təqdim edir və digər mesajlarda müxtəlif görüşlərin təşkil olunduğu görünür. Sənədlər hər şeyi tam açıqlamır, çünki sanki materiallar kimlərsə tərəfindən seçilərək paylaşılır. Elə buna görə də “Epstein sənədləri” ətrafında qorxu atmosferi formalaşıb. Çünki sənədlərdə adı keçməyən çoxlu sayda şəxs var və ehtimal olunur ki, bu materialları əlində saxlayanlar həmin şəxslərə “səssiz qal, yoxsa səni də açıqlayarıq” mesajı verirlər.
Son baş verənlər insanların sistemə olan inamını ciddi şəkildə sarsıdıb. Əsas sual isə məhkəmələrin niyə hələ də konkret və ciddi addım atmadığıdır. Ortaya suallar çıxır: bütün bunlar baş verən zaman FBI, CIA, miqrasiya xidmətləri nə ilə məşğul idi? Beynəlxalq təşkilatlar nə edirdi? Bu da onu göstərir ki, Epstein işi Epsteindən qat-qat böyükdür və ABŞ-də bu məsələnin həqiqətən üzərinə gedilib-getməyəcəyi hələ də açıq sual olaraq qalır.
Bəli, bu sənədlər şantaj vasitəsi kimi dərc olunmuş ola bilər. Amma eyni zamanda insanların böyük əksəriyyətinə göstərdi ki, insan haqları və demokratiya kimi gözəl səslənən anlayışlar çox vaxt sadəcə söz olaraq qalır".
Reyhan Quliyeva
