Yeni başlanğıc: "Azərbaycan-ABŞ İqtisadi Əlaqələrinin Yeni Dinamikası"
Azərbaycan ilə ABŞ arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini və strateji mərhələyə yüksəldiyini açıq-aşkar görürük.
Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın regional iqtisadi marşrutlar üzərində yerləşməsi böyük üstünlükdür:
"İqtisadiyyatın müxtəlif sahələri, texnologiya, enerji təhlükəsizliyi çox önəmlidir. İnnovasiya, rəqəmsal transformasiya və süni intellekt son vaxtlar gündəmdə olan əsas məsələlərdəndir. Digər mühüm istiqamətlərdən biri isə dövlət büdcəsində böyük paya malik olan müdafiə sahəsidir. Müdafiə sahəsində texnoloji məsələlər öz həllini tapmalıdır. Bu istiqamətlər üzrə ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq əhəmiyyət kəsb edə bilər. Bu, investisiya və maliyyə əlaqələrində dəyişikliklərlə bağlıdır".
Müsahib bildirib ki, investisiyaların payı zəif də olsa artmaqdadır və ikitərəfli investisiyalarda qarşılıqlı artım müşahidə olunur:
"Azərbaycanla ABŞ arasında investisiya əlaqələrində müəyyən yüksəliş var. Azərbaycanda ümumilikdə daxili investisiyalar zəifdir və bu, iqtisadiyyatı geri salan əsas amillərdən biridir. Bu səbəbdən investisiyalara ciddi ehtiyac var. İnvestisiyaların həcmi kiçikdir və iqtisadiyyatın ən zəif tərəflərindən biri məhz budur. ABŞ şirkətlərinin maraq göstərə biləcəyi əsas sahələrdən biri son dövrlərdə bərpa olunan enerji sektorudur. Bu sahədə region üzrə əməkdaşlıq imkanları mövcuddur. Eyni zamanda təhlükəsizlik və enerji siyasəti baxımından regional əməkdaşlıq perspektivləri də nəzərdən keçirilir".
Ekspert qeyd edib ki, rəqəmsal texnologiya sahəsi də mühüm istiqamətlərdəndir:
"Region ölkələrində rəqəmsal texnologiyalar və süni intellekt sahələrinə investisiyalar qoyulub və gələcəkdə Azərbaycanda da bu proses sürətlənəcək. Azərbaycanın strateji coğrafi mövqeyi nəqliyyat və infrastruktur sahələrində investisiya cəlbediciliyini artırır. Qeyri-neft sektorunun inkişafı baxımından xüsusilə kənd təsərrüfatı mühüm rol oynayır. Texnologiya sahəsi kifayət qədər inkişaf etməyib, lakin bu istiqamətdə yeni imkanların yaranması mümkündür. Texnoloji inkişaf kənd təsərrüfatına da müsbət təsir göstərə bilər. Azərbaycanın regional iqtisadi marşrutlar üzərində yerləşməsi böyük üstünlükdür. Bu marşrutlardan səmərəli istifadə olunarsa, həm ölkə, həm də region dövlətləri üçün əlverişli iqtisadi şərait yarana bilər. Xüsusilə enerji və logistika sahələrində inteqrasiya ilə bağlı mövcud boşluqların aradan qaldırılması vacib hesab olunur".
Səmayə Səftərova
