Yeni həyata uyğunlaşmaq niyə çətindir?
İnsanlar arasında stress və həyatdakı kəskin dəyişikliklər fonunda adaptasiya pozuntusu halları artır. Mütəxəssislərin sözlərinə görə, bu vəziyyət insanların yeni şəraitə psixoloji uyğunlaşmaqda çətinlik çəkməsi və gündəlik həyat fəaliyyətinin pozulması ilə müşayiət olunur.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova "İnformator.az"a açıqlamasında bildirib ki, hər bir dəyişiklik, istər müsbət, istərsə də mənfi olsun insanın öyrəşdiyi sabitliyi pozur və daxili tarazlığı sınağa çəkir:
"Yeni həyata uyğunlaşma insan psixikası üçün həmişə asan proses olmur. Çünki hər bir dəyişiklik, istər müsbət, istərsə də mənfi olsun insanın öyrəşdiyi sabitliyi pozur və daxili tarazlığı sınağa çəkir. Bu nöqtədə adaptasiya pozuntusu adlanan psixoloji vəziyyət ortaya çıxa bilər. Adaptasiya pozuntusu adətən insanın həyatında baş verən əhəmiyyətli dəyişikliklərdən sonra yaranır. Köç, iş dəyişikliyi, boşanma, ailə üzvünün itkisi, ciddi xəstəlik, maddi çətinliklər, müharibə və ya məcburi köçkünlük kimi hadisələr insanın psixoloji imkanlarını üstələdikdə, yeni şəraitə uyğunlaşma mexanizmləri zəifləyir. İnsan baş verənləri qəbul etməkdə və onlarla emosional olaraq baş etmədə çətinlik yaşayır. Bu vəziyyət bir sıra emosional, davranış və fiziki əlamətlərlə özünü göstərə bilər. Ən çox rast gəlinən hallar arasında davamlı narahatlıq, ümidsizlik hissi, tez-tez ağlama, əsəbilik, diqqət və yaddaş problemləri, yuxusuzluq və ya həddindən artıq yatmaq, iştahanın azalması və ya artması yer alır. Bəzi insanlarda sosial təcrid, gündəlik işlərə marağın itməsi və motivasiya azalması müşahidə olunur. Uşaqlarda və yeniyetmələrdə isə bu, davranış pozuntuları və aqressiya şəklində özünü göstərə bilər. Adaptasiya pozuntusu hər kəsdə yarana bilər, lakin bəzi qruplar risk altındadır. Emosional cəhətdən daha həssas olan insanlar, əvvəl psixoloji travmalar yaşamış şəxslər, sosial dəstək sistemi zəif olanlar, miqrantlar, gənclər və yaşlılar bu pozuntuya daha çox meyllidirlər".
Müsahib bildirib ki, eyni zamanda, uzunmüddətli stress altında yaşayan və istirahətə, özünə qayğıya kifayət qədər vaxt ayırmayan şəxslərdə də risk artır:
" Stressli hadisələr bu pozuntunun yaranmasında əsas tətikləyici rol oynayır. Stress insanın sinir sistemini daim gərgin vəziyyətdə saxlayır və psixoloji ehtiyatları tükəndirir. Stress qısa müddətli və idarəolunan olduqda problem yaratmaya bilər, lakin uzunmüddətli və ardıcıl olduqda adaptasiya mexanizmləri sıradan çıxır. Nəticədə insan vəziyyəti rasional qiymətləndirməkdə və uyğun həll yolları tapmaqda çətinlik çəkir. Vaxtında müdaxilə olunmadıqda adaptasiya pozuntusu daha ciddi psixoloji problemlərə yol aça bilər. Depressiya, təşviş pozuntuları, panik ataklar, psixosomatik xəstəliklər və hətta alkoqol və ya maddə asılılığı riski arta bilər. Uzun müddət davam edən uyğunlaşma çətinliyi insanın iş qabiliyyətini, ailə münasibətlərini və ümumi həyat keyfiyyətini ciddi şəkildə zəiflədə bilər. Buna görə də erkən mərhələdə psixoloq dəstəyi almaq, emosiyaları ifadə etmək və sağlam uyğunlaşma strategiyaları formalaşdırmaq olduqca vacibdir. İnsan psixikası çevikdir, lakin bu çevikliyin qorunması üçün dəstək, anlayış və vaxt lazımdır. Yeni həyata uyğunlaşmaq çətin ola bilər, amma düzgün yanaşma ilə bu proses inkişaf və güclənmə fürsətinə çevrilə bilər".
Səmayə Səftərova
