Yeni il ağacları
Yeni il dönəmi yaxınlaşdıqca həm mağazalarda, həm də onlayn satış platformalarında yeni il ağaclarına maraq nəzərəçarpacaq dərəcədə artır. Hazırda bazarda həm süni, həm də təbii ağaclar təqdim olunsa da, son illərin əsas meyli süni ağacların üstünlük qazanmasıdır. Bunun əsas səbəbi onların daha uzunmüddətli, təkrar istifadə oluna bilməsi və müxtəlif ölçü-dizayn variantları ilə təqdim edilməsidir.
Qiymətlər isə ağacın materialı, hündürlüyü və keyfiyyətindən asılı olaraq dəyişir. Kiçik və büdcə dostu süni ağaclar münasib qiymətlərlə təklif olunsa da, orta ölçülü — 1,8–2,1 metr aralığında olan modellər bazarın ən çox seçilən seqmentidir. Daha böyük və premium görünüşlü ağaclar isə qiymət baxımından yuxarı kateqoriyaya daxildir. Mövsüm yaxınlaşdıqca tələbin artması qiymətlərin də müəyyən qədər yüksəlməsinə səbəb olur.
İnsanların yeni il ağacına marağı təkcə dekorativ element kimi deyil, həm də ailəvi atmosfer yaratmaq istəyindən qaynaqlanır. Bir çoxları evdə bayram ab-havasını yaratmaq üçün daha sıx budaqlı, real görünüşlü və quraşdırılması rahat ağaclara üstünlük verir. Kiçik mənzillər üçün kompakt modellər seçilir, geniş evlərdə isə daha böyük və diqqətçəkici ağaclara tələbat artır.
Ümumilikdə, yeni il ağaclarına maraq ildən-ilə yüksəlir və bazarda seçim imkanları da genişlənir. Bu da hər bir evin büdcəsinə və zövqünə uyğun alternativ tapmağı daha da asanlaşdırır.
“İnformator.az”a danışan Vüsal Qasımzadə bildirib ki, bu il yeni il ağaclarına maraq daha çoxdur:
“Məncə, insanlar artıq süni ağaclara üstünlük verirlər, çünki həm daha sərfəlidir, həm də bir neçə il istifadə etmək olur. Mağazalarda seçim çoxalıb, amma qiymətlər bayrama yaxın bir az qalxır”.
“İnformator.az”a danışan Ramal Qulizadə bildirib ki, noyabr–dekabrın əvvəlində almaq daha sərfəlidir:
“Ümumiyyətlə, evdə yeni il ağacı qurmaq bayram ab-havasını tamamilə dəyişir, ailə ilə birlikdə hazırlamaq da xüsusi bir ənənəyə çevrilib”.
“İnformator.az”a danışan Ələsgər Ələsgərov bildirib ki, son illər yeni il ağaclarına maraq xeyli artıb, amma qiymətlər də əvvəlki illərlə müqayisədə bir qədər yüksəlib:
“Xüsusən keyfiyyətli və real görünüşlü süni ağaclar baha olur. Buna baxmayaraq, insanlar yenə də alırlar, çünki evdə bayram əhval-ruhiyyəsi yaratmaq artıq ənənəyə çevrilib”.
Banuçiçək Məmmədova
