Yeni il ənənələrinin gənclərin dünyagörüşünə təsiri
Yeni il insanların həyatında ümid, yenilənmə və dəyişiklik anlayışları ilə assosiasiya olunur. Müasir dövrdə bu bayram yalnız ailəvi və mədəni dəyər kimi deyil, həm də sosial şəbəkələr və istehlak mədəniyyəti ilə sıx bağlı şəkildə formalaşır. Xüsusilə gənclər üçün Yeni il həm motivasiya mənbəyi, həm də cəmiyyətin yaratdığı gözləntilərlə üzləşmə dövrünə çevrilir.
Mövzu ilə bağlı əhalidən fikirlərini öyrəndik.
Zəhra Kərimova açıqlamasında bu cür bildirib:
"Yeni il mənim üçün sadəcə təqvimdə bir rəqəmin dəyişməsi deyil. Keçən ili analiz edirəm, etdiyim səhvlərdən dərs çıxarmağa çalışıram. Bu dövr mənə yenidən başlamaq və özüm üçün yeni hədəflər müəyyənləşdirmək motivasiyası verir".
Digər bir gəncimiz Elvin Qarayev açıqlamasında bildirib:
"Yeni il insanda daxili hesabat hissi yaradır. Həyatımda nələri dəyişməli olduğumu düşünürəm, gələcək planlarımı daha real və məqsədyönlü qurmağa çalışıram. Eyni zamanda ailə və dostlarla birlikdə olmaq mənə müsbət enerji verir".
Daha bir gəncimiz Nuranə Merdiyeva açıqlamasında deyir:
"Yeni il məni həm sevindirir, həm də bir az düşündürür. Yeni planlar qurmaq istəsəm də, maddi vəziyyət və gündəlik qayğılar bəzən bu hissi azaldır. Buna baxmayaraq, yeni ilin insana ümid və irəli baxmaq hissi aşıladığını düşünürəm".
Ayisə Şərifova
