00:00:00
Yazar
Admin User
16.12.2025 18:51 142 3 dəq oxuma
Maraqlı

Yeni il və Həmrəylik Günü ərəfəsində vətəndaşların bayram planları

Yeni il və Həmrəylik Günü ərəfəsində vətəndaşların bayram planları

Artıq 2025-ci ilin son günləri yaxınlaşır. Qarşıdan həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramı gəlir. Ölkə ərazisində bayram ab-havası daha da güclənir. Hər kəs öz planlarını qurur-kiminin yolu xaricə, kimininki isə doğma vətəndə ailə hüzuruna doğru uzanır. Şəhərdə işıqlandırmalar artır, məktəblərdə uşaqların səsi, küçələrdə insanların tələskən addımları bayramın nəfəsini hiss etdirir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Mail Yaqub bildirib ki, müşahidələrinə əsasən, bu mövzu kifayət qədər əhəmiyyətlidir:

 

"Əlbəttə, əgər istirahətlərini Azərbaycanda təşkil etsələr, bu, ölkə üçün daha faydalı olar. Çünki bu halda vətəndaşlarımız valyutanı xaricə çıxarmayacaq, əksinə, ölkə daxilində xərcləyəcəklər. Hazırda Azərbaycanın müxtəlif bölgələrində çox gözəl infrastruktur yaradılıb, müasir otellər tikilib. Ən məqsədəuyğun yol budur ki, insanlar xaricə deyil, məhz yerli bölgələrimizə üz tutsunlar. Bu həm də regionlarda iqtisadi aktivliyin artmasına səbəb olacaq ki, bu da olduqca vacib məsələdir. Son illərdə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində xüsusilə turizm və otelçilik sahəsində mühüm addımlar atılıb. Düzdür, hələ görüləsi işlər çoxdur, amma artıq formalaşan infrastruktur mövcuddur. Buna görə də arzu edərdim ki, vətəndaşlarımız bayram və istirahət günlərini Azərbaycanın bölgələrində keçirsinlər. Çünki bölgələrimizin təbiət gözəlliyi, mətbəximizin keyfiyyəti və dadı çox yüksək səviyyədədir. Mən əminəm ki, bir çox hallarda bu, xaricdən daha üstündür və daha uyğundur.

 

Təbii ki, müəyyən bir qrup var ki, onlar xaricdə istirahətə üstünlük verirlər. Bunun da psixoloji səbəbləri var: prestij, görüntü və s. Lakin həmin insanlar da başa düşməlidirlər ki, Azərbaycanın bölgələrində dincəlmək təkcə istirahət deyil, həm də iqtisadi və milli inkişaf üçün dəstəkləyici addımdır. İstərdim ki, bu yanaşma daha geniş yayılsın".

 

Həmçinin əhalinin bayramı harada keçirəcəyi və seçimlərinin səbəbi ilə bağlı əhali arasında sorğuda keçirtdik.

 

"İnformator.az"a danışan Səma Mustafayeva bildirib ki, bu il həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramını doğma rayonunda ailə üzvləri və yaxın qohumları ilə birlikdə keçirməyi planlaşdırır:

 

"Məncə, bu bayramların əsas mənası birlik və həmrəylikdir. Xüsusilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü insanı milli dəyərlərə, vətən sevgisinə və bir-birimizə daha sıx bağlayır. Bayramı ailə ilə keçirmək bu mənanı daha dərindən hiss etməyə imkan yaradır".

 

"İnformator.az"a danışan İlahiyyat Universitetinin 1-ci kurs tələbəsi Nuray Qədirli isə bildirib ki, əsasən bayram günlərində ailə ilə evdə qalmağa üstünlük verir:

 

"Günlük iş rejimindən sonra bu günlərdə evdə sakit, səmimi mühitdə vaxt keçirmək insanı həm mənəvi, həm də psixoloji cəhətdən dincəldir. Ailə üzvləri ilə bir süfrə arxasında toplaşmaq, ötən ili xatırlamaq və yeni il üçün arzular paylaşmaq bayramın əsl ruhunu yaşadır. Bununla yanaşı, bəzən şəhərdə təşkil olunan bayram tədbirlərinə qatılmaq da maraqlı olur və bayram əhval-ruhiyyəsini daha da gücləndirir".

 

"İnformator.az"a danışan Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 1-ci kurs tələbəsi Əlibəyova Nuray bildirib ki, bayram ab-havası artıq günlər öncədən şəhərdə hiss olunmağa başlayır:

 

"Küçələrin və binaların işıqlandırılması, mağazaların vitrinlərinin bəzədilməsi, insanların hədiyyə və hazırlıq telaşında olması şəhərə xüsusi canlanma gətirir. Gündəlik həyatda insanlar bir-birinə daha xoş münasibət göstərir, əhval-ruhiyyə yüksəlir. Bu ab-hava insanı geridə qalan ilə minnətdarlıqla baxmağa, qarşıdan gələn yeni ilə isə daha ümidlə və nikbin yanaşmağa sövq edir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər