00:00:00
Yazar
Zəhra Həsənova
27.05.2026 21:15 15 2 dəq oxuma
İqtisadiyyat

“Yeni model bazarda rəqabəti də gücləndirəcək”-ŞƏRH

“Yeni model bazarda rəqabəti də gücləndirəcək”-ŞƏRH

Prezident İlham Əliyevin təsdiqlədiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Azərbaycanda 2030-cu ilə qədər “Açıq sığorta modeli”nin tətbiqi nəzərdə tutulur. Proqram çərçivəsində sığorta sektorunda hüquqi baza gücləndiriləcək, mikrosığorta bazarı yaradılacaq və şirkətlərin ən azı 50 faizində yeni model tətbiq ediləcək.

Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimli “İnformator.az”a açıqlamasında bildirib ki, açıq sığorta modelinin tətbiqi maliyyə sektorunda yeni mərhələnin başlanğıcı hesab oluna bilər:

 

“Bu model rəqəmsal maliyyə ekosisteminin formalaşdırılmasına xidmət edir. Əsas məqsəd vətəndaş məmnunluğu əsasında sığorta məlumatlarının təhlükəsiz və inteqrasiya olunmuş formada idarə edilməsidir. Modelin tətbiqi üçün ilk mərhələdə hüquqi və normativ baza gücləndirilməli, məlumat təhlükəsizliyi və rəqəmsal inteqrasiya mexanizmləri formalaşdırılmalıdır. Daha sonra sığorta şirkətlərinin texnoloji infrastrukturu yenilənəcək və pilot layihələr vasitəsilə sistem test olunacaq”.

 

İqtisadçı qeyd edib ki, mikrosığorta bazarının yaradılması aşağı gəlirli əhali qrupları üçün mühüm əhəmiyyət daşıyacaq:

 

“Mikrosığorta mexanizmi daha aşağı sığorta haqları ilə vətəndaşların əsas risklərdən qorunmasına imkan yaradacaq. Xüsusilə kənd təsərrüfatı, kiçik sahibkarlıq, sağlamlıq və gündəlik risklərlə bağlı məhsulların geniş yayılması gözlənilir. Bu həm maliyyə inklüzivliyini artıracaq, həm də ölkədə sığorta mədəniyyətinin formalaşmasına ciddi təsir göstərəcək.Yeni model sığorta bazarında rəqabəti və rəqəmsallaşmanı sürətləndirəcək.Hazırda sığorta sektorunda əsas problemlərdən biri məlumat bazalarının tam inteqrasiya olunmaması və rəqəmsal xidmətlərin qeyri-bərabər inkişafıdır. Açıq sığorta modeli bu boşluqları aradan qaldırmağa yönəlib. Yeni sistem şirkətləri daha innovativ işləməyə məcbur edəcək. Rəqabət artıq yalnız qiymət üzərində deyil, xidmət keyfiyyəti, sürət və texnoloji imkanlar üzərində qurulacaq. Bu da süni intellekt əsaslı risk qiymətləndirmələrinin və fərdiləşdirilmiş sığorta məhsullarının inkişafına təkan verəcək”.

Ayşə Müzəfərli

#gündəm #rəqabəti #baki #model
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər