00:00:00
Yazar
Elmira Ağayeva
26.08.2026 22:40 64 2 dəq oxuma
Maraqlı

Yeni süni intellekt modeli ortaya çıxıb

Yeni süni intellekt modeli ortaya çıxıb

 

Texnologiya və süni intellekt dünyasında arxasında kimin dayandığı məlum olmayan “Ox Alpha” adlı yeni süni intellekt modeli böyük maraq doğurub.

Süni intellekt sistemlərinin təqdim edildiyi “OpenRouter” platformasında istifadəyə verilən “Ox Alpha”nın performans testləri onun “OpenAI” və “Anthropic” kimi sektorun aparıcı şirkətlərinin ən yüksək səviyyəli modelləri ilə rəqabət apara biləcək imkanlara malik olduğunu göstərib.

Platformada “gizli model” kimi təqdim olunan sistemlə bağlı açıqlamada bildirilib ki, süni intellekt modeli ilkin sınaq mərhələsində kimliyini gizli saxlamağa üstünlük verən üçüncü tərəf provayder tərəfindən idarə olunur.

Sistemə daxil edilən istifadəçi məlumatlarının provayderdən saxlanıldığı, lakin modelin təlimində istifadə edilmədiyi qeyd olunur. Bununla belə, modelin arxasında hansı şirkətin dayandığının məlum olmaması məlumatların təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaradır.

Bütün bu suallara baxmayaraq, proqramçılar sistemdən fəal şəkildə istifadə etməyə başlayıblar. Mətn, görüntü və video məzmununu emal etmək imkanına malik model yüksək hesablama gücünə baxmayaraq, demək olar ki, limitsiz və ödənişsiz şəkildə istifadəyə açıqdır.

Süni intellekt modelinin nümayiş etdirdiyi performans texnologiya dünyasında geniş əks-səda doğurub.

“Stripe” şirkətinin baş icraçı direktoru Patrick Collison modelin imkanlarını olduqca təsirli hesab etdiyini bildirib. Mütəxəssislər isə modelin mənşəyini və onun bazara mümkün təsirlərini araşdırmaqda davam edirlər.

Modeli hazırlayan şirkətin anonim qalması onun mənşəyi ilə bağlı müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub. İlkin qiymətləndirmələrdə konkret sübutların olmadığı bildirilsə də, ehtimallar əsasən Çində fəaliyyət göstərən texnologiya şirkətlərinin üzərində cəmlənib.

Çin şirkətlərinin yeni süni intellekt modellərini əvvəlcədən elan etmədən istifadəyə verməsi də bu ehtimalları gücləndirir. Bu baxımdan, daha əvvəl GLM-5 modelini fərqli adla sınaqdan keçirən “Z.ai” şirkəti, eləcə də “ByteDance” və “Alibaba” kimi iri texnologiya şirkətləri mümkün namizədlər sırasında göstərilir.

Nuray Əliyeva

#intellekt #ortaya #çıxıb #güclü
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər