“Yenilənən saziş həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına cavab verəcək” - Politoloq
Brüssel - Avropa İttifaqı Azərbaycanla yenilənən əməkdaşlıq sazişi üzrə irəliləyişə hazırdır. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib ki, artıq bir neçə ildir müzakirə olunan sənəd üzrə işi yekunlaşdırmağın vaxtı çatıb. Qrono ümid etdiyini vurğulayıb ki, danışıqlar tezliklə bərpa olunacaq.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı nümayəndəsinin bəyanatı tərəflər arasında artan əməkdaşlıq fonunda məntiqli və diqqətəlayiqdir:
“Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər son illərdə daha da genişlənib. Nəzərə alsaq ki, 2022-ci ildə tərəflər enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalayıblar və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq davam edir, bu bəyanat təbii görünür. Avropa İttifaqı Azərbaycanın bir nömrəli xarici ticarət tərəfdaşıdır. Tərəflərin münasibətləri inkişaf etdirməkdə qarşılıqlı marağı var. Bu saziş imzalanarsa, Azərbaycanın Avropa ilə əlaqələrində bir sıra mühüm istiqamətlər üzrə imkanlar genişlənəcək. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazla əlaqələri daha da dərinləşəcək və bu, qurumun regiondakı təsir imkanlarını artıracaq”.
Oqtay Qasımov əlavə edib ki, Rusiya postsovet məkanındakı ölkələrin Qərb strukturları, o cümlədən Avropa İttifaqı ilə yaxınlaşmasına həssas yanaşır:
“Rusiya bu proseslərə qısqanclıqla yanaşır və narazılıq ifadə edir. Lakin hər bir dövlət öz milli maraqlarına uyğun siyasət həyata keçirir. Azərbaycan da Avropa İttifaqı ilə xüsusilə enerji, nəqliyyat və logistika sahələrində ciddi əməkdaşlıq qurub. Hazırda Avropadan Asiyaya daşımaların bir hissəsi Azərbaycan üzərindən həyata keçirilir və gələcəkdə regionda yeni nəqliyyat imkanlarının açılması yük dövriyyəsinin artmasına təsir göstərə bilər. Avropa İttifaqının Cənubi Qafqazın hər üç ölkəsi ilə əlaqələri mövcuddur. Ermənistanla münasibətlər son illərdə daha sürətlə inkişaf edir və Avropa İttifaqı bu ölkəyə ciddi dəstək göstərir. Azərbaycan isə bu məsələlərdə daha təmkinli və balanslı mövqe sərgiləyib. Bununla belə, 2022-ci ildən sonra münasibətlər daha intensiv xarakter alıb. Kiçik və orta dövlətlər beynəlxalq təşkilatlarla əməkdaşlıq zamanı ilk növbədə milli maraqlarını əsas götürür. Azərbaycan da münasibətlərini məhz bu prinsip əsasında qurur və milli maraqlarına uyğun formatlarda beynəlxalq tərəfdaşlıqlarını inkişaf etdirir”.
Fatimə Hüseynli
