"Yeniyetməlik 30 yaşlara qədər davam edir"
Alimlər açıqlayıblar ki, beyin həyatda beş fərqli mərhələdən keçir və əsas dönüş nöqtələri 9, 32, 66 və 83 yaşlarda baş verir.
90 yaşına qədər olan təxminən 4,000 nəfərin beyin hüceyrələri arasındakı əlaqələri üzə çıxarmaq üçün beyin görüntüləmələri aparılıb.
Kembridc Universitetinin tədqiqatçıları göstəriblər ki, beyin “zirvəyə” çatdığımız erkən otuz yaşlara qədər yeniyetməlik mərhələsində qalır.
Onlar deyirlər ki, bu nəticələr psixi sağlamlıq pozuntuları və demensiya riskinin həyatın müxtəlif dövrlərində niyə dəyişdiyini anlamağa kömək edə bilər.
Beyin yeni bilik və təcrübəyə cavab olaraq daim dəyişir – lakin araşdırma göstərir ki, bu proses doğumdan ölümə qədər bir xətt üzrə davam etmir.
Bunun əvəzinə, beyin beş əsas mərhələdən keçir:
1. Uşaqlıq – doğumdan 9 yaşa qədər
2. Yeniyetməlik – 9 yaşdan 32 yaşa qədər
3. Yetkinlik – 32 yaşdan 66 yaşa qədər
4. Erkən qocalma – 66 yaşdan 83 yaşa qədər
5. Gec qocalma – 83 yaşdan sonra
“Beyin ömür boyu yenidən qurulur. Daim əlaqələri gücləndirir və zəiflədir, amma bu, stabil bir proses deyil – dəyişkənliklər və yenidən qurulma mərhələləri var",– deyə Dr. Alexa Mousley BBC-yə bildirib.
Bəzi insanlar bu yaşlara digərlərindən daha tez və ya gec çatsalar da, tədqiqatçılar deyirlər ki, bu yaşların məlumatlarda bu qədər aydın görünməsi diqqət çəkicidir.
Bu nümunələr yalnız indi üzə çıxıb, çünki araşdırmada inanılmaz dərəcədə çox beyin skanı var. Nəticələr Nature Communications jurnalında dərc olunub.
Mənbə: BBC news
Ayisə Şərifova
