Yerin ən dərin qatlarında yaşayan “Şeytan qurdu”
Alimlər Yerin dərinliklərində yaşayan qeyri-adi bir canlı aşkar ediblər. “Şeytan qurdu” (Halicephalobus mephisto) adlandırılan mikroskopik qurd planetdə indiyədək məlum olan ən dərin qatlarda yaşayan heyvan hesab edilir. Onun kəşfi həyatın yalnız Günəş işığı və oksigen olan mühitdə mövcud ola biləcəyi ilə bağlı uzun illər formalaşmış təsəvvürləri dəyişib.
Mütəxəssislərin fikrincə, bu canlı Yerin dərinliklərində həyatın mümkünlüyünü sübut etməklə yanaşı, başqa planetlərdə həyatın axtarışı üçün də yeni ümidlər yaradıb.
Yerin 1,3 kilometr dərinliyində həyat
“Şeytan qurdu” ilk dəfə Cənubi Afrikadakı qızıl mədənlərində, Yer səthindən təxminən 1,3 kilometr dərinlikdə aşkar olunub.
Bu dərinlikdə nə Günəş işığı var, nə də insanların yaşaya biləcəyi şərait. Temperatur yüksək, təzyiq isə səthlə müqayisədə xeyli çoxdur. Qayaların çatlarında yalnız yeraltı sular mövcuddur.
Bütün bu sərt şəraitə baxmayaraq, alimlər burada milyardlarla bakteriyanın və onların arasında yaşayan mikroskopik qurdların mövcud olduğunu müəyyən ediblər.
Mikroskop altında görünən ovçu
Uzunluğu cəmi bir neçə insan tükünün qalınlığı qədər olan Halicephalobus mephisto bakteriyalarla qidalanır. O, ağız hissəsindəki xüsusi çıxıntılar vasitəsilə qayaların üzərində hərəkət edir və mikroorqanizmləri ovlayır.
Bu ekosistemdə bakteriyalar əsas canlılar olsa da, alimlər “şeytan qurdunu” həmin mühitin ən iri heyvanı hesab edirlər.
Elmi dünyada dönüş nöqtəsi
1980-ci illərə qədər elm adamları hesab edirdilər ki, Yer səthindən təxminən 30 santimetrdən aşağıda canlı həyat mövcud deyil.
Lakin əvvəlcə dərinliklərdə yaşayan bakteriyaların, daha sonra isə 2011-ci ildə “şeytan qurdunun” aşkar edilməsi bu fikri tamamilə dəyişdi.
Araşdırmalar göstərdi ki, həyat Günəş işığından və oksigenlə zəngin atmosferdən tamamilə asılı olmadan da mövcud ola bilər.
Təsadüf böyük kəşfə çevrildi
Bu növün öyrənilməsi demək olar ki, təsadüf nəticəsində mümkün olub.
Alimlər tapılan cəmi bir canlı fərddən laboratoriyada yeni nəsil yetişdirməyə nail olublar. Hazırda aparılan tədqiqatlar həmin nəslin nümayəndələri üzərində davam etdirilir.
Məqsəd “şeytan qurdunun” yüksək temperatur, qaranlıq və məhdud qida şəraitində necə yaşadığını müəyyən etməkdir.
Başqa planetlərdə həyat üçün ümid
ABŞ-ın Cənubi Kaliforniya Universitetinin geomikrobioloqu Karen Lloyd bildirib ki, bu kəşf alimlərə tamamilə yeni suallar verir.
Onun sözlərinə görə, Yerin belə ekstremal şəraitində heyvan yaşaya bilirsə, digər planetlərin və peyklərin dərinliklərində də həyatın mövcud olması ehtimalı nəzərdən qaçırılmamalıdır.
Həyatın sərhədləri yenidən yazılır
“Şeytan qurdu”nun kəşfi göstərir ki, həyatın mövcudluğu üçün düşündüyümüz şərtlər o qədər də məhdud deyil. Yerin kilometrlərlə dərinliyində yaşayan bu kiçik canlı həm planetimizin gizli ekosistemlərini, həm də kainatda həyatın mümkünlüyü barədə təsəvvürləri yenidən formalaşdırır.
Elmira Ağayeva