Yeyinti məhsullarının ixracı 18 faizdən çox artıb
2025-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü illə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə yeyinti məhsullarının ixracı 18,4% artımla 1,2 milyard ABŞ dolları təşkil edib. Ən yüksək artım şəkər və meyvə-tərəvəz məhsullarında qeydə alınıb. Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 1,3 milyard ABŞ dollarına yüksəlib. Əsas ixrac bazarları Rusiya, Türkiyə və Gürcüstan olub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, yeyinti məhsullarının ixracında 18 faizdən çox artım təkcə statistik göstərici deyil, həm də daxili istehsal, emal və bazarlara çıxış imkanlarının genişlənməsindən xəbər verir:
"Bu artımın arxasında bir neçə əsas faktor dayanır. İlk növbədə, son illərdə aqrar sahəyə dövlət dəstəyinin güclənməsi subsidiya mexanizmləri, güzəştli kreditlər, suvarma və logistika infrastrukturunun yaxşılaşdırılması istehsal həcmlərini artırıb. İkincisi, aqrar-sənaye komplekslərinin və emal müəssisələrinin inkişafı xammalın ixracından daha çox əlavə dəyərli məhsulların xarici bazara çıxmasına imkan yaradıb.
Bundan başqa, regional bazarlarda xüsusilə Rusiya, Türkiyə və Gürcüstanda Azərbaycan məhsullarına olan tələbatın sabit qalması və bəzi məhsullarda idxalı əvəzləyən siyasətlərin güclənməsi də ixrac artımını stimullaşdırıb. Logistika marşrutlarının nisbətən qısa olması və məhsulların təzə şəkildə çatdırılması üstünlük yaradan amillərdəndir. Şəkər və meyvə-tərəvəz ixracının artması daxili bazarda ikili təsir yarada bilər. Bir tərəfdən, ixrac imkanlarının genişlənməsi fermer və istehsalçıların gəlirlərini artırır ki, bu da istehsala marağı gücləndirir və uzunmüddətli dövrdə ümumi təklifi artıra bilər. Digər tərəfdən isə, xüsusilə mövsümi meyvə-tərəvəz məhsullarında ixracın sürətlə artması daxili bazarda təklifin azalmasına və qısamüddətli qiymət artımlarına səbəb ola bilər. Əgər istehsal artımı ixrac tempini üstələmirsə, bu zaman istehlak balansında risklər yarana bilər. Şəkər kimi strateji məhsullarda isə daxili tələbatın tam ödənilməsi əsas şərt olaraq qalmalıdır, əks halda qiymət sabitliyi pozula bilər. Azərbaycan qida məhsullarının ixrac potensialını daha da artırmaq üçün bir neçə strateji istiqamətə fokuslanmalıdır. Ən vacib məsələlərdən biri keyfiyyət və təhlükəsizlik standartlarıdır. Beynəlxalq sertifikatların geniş tətbiqi məhsulların daha böyük bazarlara çıxışını asanlaşdırar. Bununla yanaşı, məhsul çeşidinin şaxələndirilməsi və dərin emal səviyyəsinin artırılması vacibdir. Yəni xammal şəklində deyil, yarımfabrikat və ya hazır məhsul kimi ixrac əlavə dəyəri yüksəldər. Brendləşmə, qablaşdırma və marketinq məsələləri də hələ tam potensialından istifadə olunmayan sahələrdəndir. Saxlama və soyuducu logistika infrastrukturunun gücləndirilməsi xüsusilə meyvə-tərəvəz ixracında itkiləri azaldar və məhsulun keyfiyyətini qoruyar. Bütün bu amillərin paralel inkişafı Azərbaycanın aqrar və qida ixracını daha dayanıqlı və rəqabətqabiliyyətli edə bilər".
Sağlam qidalanaraq sağlam yaşayın!
Aişə Mustafayeva
