Yol qəzaları
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı–Qazax magistral yolunun rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb.
Mövzu ilə nəqliyyat eksperti Aslan Əsədov “İnformator.az”a açıqlamasında bildirib ki, bu tip qəzalarda nəticələr çox vaxt ağır olur və bəzən birbaşa ölümlə nəticələnir:
“Sürücülərin məsuliyyətsiz hərəkətləri ilə bağlı məsələyə gəldikdə isə, xüsusilə qeyd etmək istərdim ki, bu, daha çox Bakı şəhərindən başlayaraq, 0-cı kilometrdən Qazax rayonu istiqamətində, Bakı-Ələt-Gürcüstan avtomobil yoluna qədər olan hissədə müşahidə olunur. Bu marşrut üzrə hərəkət sistemi artıq ayrılıb və hərəkət intensivliyi daha da artıb. Bu baxımdan, hərəkət istiqamətinə uyğun ötmə və manevr etmə qaydalarına ciddi şəkildə əməl olunmalıdır.
Əsas problem ondadır ki, bu yollarda dayanmış və ya hərəkətdə olan nəqliyyat vasitələrinə çırpılma halları baş verir. Bu tip qəzalarda nəticələr çox vaxt ağır olur və bəzən birbaşa ölümlə nəticələnir. Ona görə də vətəndaşlarımız maksimum diqqətli olmalıdır. Söhbət burada qarlı-buzlu yollardan yox, normal hava şəraitində baş verən hadisələrdən gedir.
Bu cür hallardan yayınmaq üçün daha məsuliyyətli davranmalı, təhlükəni əvvəlcədən dərk etməli və ölümə aparan səbəblərdən necə uzaq durmaq barədə düşünməliyik. Çünki bu gün Azərbaycanın nəqliyyat sistemində qarşılaşılan əsas problemlərdən biri də budur.
İkinci mühüm məsələ isə infrastrukturla bağlıdır. Yol hərəkəti iştirakçılarının davranışlarına infrastruktur birbaşa təsir göstərir. Məsələn, bəzi ərazilərdə işıqlandırma olmaya bilər və ya zəif ola bilər. Ara məsafəsinin gözlənilməsi vacib olsa da, bəzi hallarda bu kifayət etmir. Məsələn, dayanmış və ya dayanmaqda olan nəqliyyat vasitəsinə çırpılma hallarının qarşısını almaq üçün əlavə tədbirlər görülməlidir.
Bütün bu məsələlər ekspertiza və müstəntiqlərin araşdırmaları nəticəsində tam müəyyən edilir. Bu baxımdan, bu cür hadisələr artıq sırf kriminalistlərin və ekspertlərin fəaliyyət sahəsinə aiddir”.
Aydan Əsgərxanlı
