Yoxlama oyunu: Azərbaycan millisi Omana ikinci dəfə qalib gəlib
Azərbaycanın U-21 millisi Omanın U-23 yığması ilə keçirdiyi ikinci yoxlama oyununda 4:2 hesabı ilə qələbə qazanıb. “Bank Respublika Arena”da təşkil olunan görüşdə Elgün Dünyamalıyev, Əli Xəlilov, İlkin Cəfərli və Niyazi Osmanov fərqləniblər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev
bildirib ki, U-21 yığmamızın son bir ildəki çıxışlarını müsbət qiymətləndirmək olar:
“Rəşad Sadıqovun rəhbərliyi altında komanda həm yaxşı nəticələr qazanır, həm də baxımlı oyun nümayiş etdirir. Bu da baş məşqçinin öz işinin öhdəsindən uğurla gəldiyini göstərir.
Eyni zamanda, o, yeni və gənc futbolçulara da şans verir. Bildiyiniz kimi, U-21-də çıxış etməli olan bir neçə futbolçu əsas millinin baş məşqçisi Ayxan Abbasov tərəfindən əsas komandaya dəvət olunmuşdu. Bu səbəbdən yaranan oyunçu çatışmazlığı yeni futbolçular üçün fürsət yaratdı və onlar da özlərini doğrultmağı bacardılar”.
Ekspertin sözlərinə görə, U-21 millimizin özündən daha yaşlı futbolçulardan ibarət Oman U-23 yığmasına qarşı oyunlarda yaxşı çıxış etməsi və qələbə qazanması təqdirəlayiqdir. O, komandanın bu tempi qoruyacağı təqdirdə gələcəkdə daha uğurlu nəticələr əldə edə biləcəyini bildirib.
Fidan Alışova