Yunanıstan Prezidenti: Azərbaycanla ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət veririk
Yunanıstan Prezidenti Konstantinos Tasulas 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Yunanıstanla Azərbaycan arasında münasibətlər əslində bəzən arzuolunmaz istiqamətdə də inkişaf edə bilir:
“Bəllidir ki, Yunanıstan Ermənistanın tərəfdaşıdır və qardaş Türkiyə ilə də zaman-zaman gərginliklər yaşayır. Təbii ki, belə bir şəraitdə Azərbaycan Yunanıstanla münasibətlərə fərqli yanaşa bilir. Bu baxımdan bəzən ciddi olmasa da müəyyən gərginliklər yaşanıb. Amma Azərbaycan Prezidentinin və dövlətinin müdrik diplomatiyası nəticəsində bu gərginliklər aradan qalxıb. Yəni Yunanıstanın Türkiyəyə münasibəti Azərbaycana münasibətini də şərtləndirir. Daha doğrusu, Azərbaycanın ona münasibətini də müəyyənləşdirir. Bu baxımdan mən düşünürəm ki, aramızdakı münasibətlər bəzən gərginlik həddinə çatmasa da, müəyyən qədər soyuqluq yaranır. Lakin Azərbaycan bu vəziyyəti idarə etməyi və həll etməyi bacarır. Ümumilikdə isə Yunanıstan Azərbaycan qazının Avropaya nəqli üçün ən vacib məntəqələrdən biridir. Bu, Azərbaycanın dünya bazarlarına çıxışı baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, Yunanıstan enerji daşıyıcılarına ehtiyac duyan ölkədir və Azərbaycan da bu bazarı təbii olaraq qiymətləndirir. Yunanıstanın Azərbaycana münasibətində dəyişiklikdən danışarkən nəzərə almaq lazımdır ki, onlar Ermənistanla yaxın münasibətlərdən imtina etmirlər və edəcəklərini də gözləmirik. Azərbaycan da bunu Yunanıstandan tələb etmir. Sadəcə olaraq, biz ötən illər ərzində Yunanıstandan Ermənistan–Azərbaycan münasibətlərində neytral mövqe tutmasını istəmişik. Əgər Azərbaycanla əməkdaşlıq etmək istəyirsinizsə, Ermənistan–Azərbaycan məsələsində neytrallıq əsas şərtdir. Ermənistanın tərəfində dayanaraq Azərbaycanla sağlam əməkdaşlıq qurmaq mümkün deyil. Bu baxımdan Yunanıstan kifayət qədər təmkinli davrandığını göstərməyə çalışır. Düzdür, zaman-zaman Ermənistanla hərbi əməkdaşlıq və ya hərbi ittifaq xarakterli müzakirələr aparılır, müəyyən sənədlər imzalanır. Amma buna baxmayaraq, Yunanıstan açıq şəkildə Ermənistanın tərəfində dayanaraq Azərbaycanın üzərinə gələ bilmir. Əslində gəlsə belə, Azərbaycanın buna verəcək cavabı həmişə var. Lakin Yunanıstan başa düşür ki, Azərbaycanla bu dildə danışmaq olmaz. Yəni dəyişiklik deyəndə mən düşünürəm ki, ciddi dönüşdən danışmaq çətindir. Münasibətlər daha çox sabit xarakter daşıyır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu isə təbii olaraq Yunanıstanı daha ehtiyatlı davranmağa sövq edir. Çünki Azərbaycanın Avropaya çıxış yollarından biri də Yunanıstan üzərindən keçir. Belə bir şəraitdə Avropa Azərbaycana ehtiyac duyur və Azərbaycan bu ehtiyacı qarşılamağa hazırdır, artıq bunu edir də. Təbii ki, tranzit məntəqəsi olaraq Yunanıstan həm üzvü olduğu Avropa Birliyinin, həm də Azərbaycanın mövqeyini nəzərə almağa məcburdur. Bu baxımdan düşünürəm ki, Yunanıstan mümkün qədər təmkinli davranmağa çalışır”.
Siyasi şərhçinin sözlərinə görə,eyni zamanda, yaxın mərhələdə Azərbaycan və qardaş Türkiyə Yunanıstandakı türk azlığı ilə bağlı məsələlərin də sakit və diplomatik şəkildə həlli üçün yollar axtarmalı olacaq:
“Belə bir şəraitdə Yunanıstanın anlayışlı davranmasına ehtiyac yaranacaq. Bəllidir ki, Yunanıstan ölkədə yaşayan türk azlığını rəsmi şəkildə “türk azlığı” kimi tanımır, onları “müsəlman azlıq” adlandırır. Halbuki həmin insanlar özlərini türk kimi tanıyır və bu şəkildə də tanınmaq istəyirlər. Xüsusilə Batı Trakiya türkləri həm Azərbaycandan, həm Türkiyədən, həm də digər türk dövlətlərindən bu məsələdə diqqət və dəstək gözləyirlər. Təbii ki, Azərbaycan Yunanıstana müəyyən təsir imkanları olan dövlətdir və düşünürəm ki, zaman keçdikcə bu mövzuda da daha fəal şəkildə iştirak etmək mümkün olacaq”.
Selcan Xudiyeva