00:00:00
Yazar
Banuçiçək Məmmədova
29.03.2026 17:54 26 2 dəq oxuma
Mədəniyyət

Yurd həsrətindən qayıdışa: Cəbrayılda yenidən başlayan həyat

Yurd həsrətindən qayıdışa: Cəbrayılda yenidən başlayan həyat

İllərlə doğma torpaqlarından uzaqda yaşamaq məcburiyyətində qalan minlərlə insan üçün Qarabağın azad olunması yalnız siyasi hadisə deyil, həm də həyatlarının yenidən başlanğıcı olub. Uzun illərin həsrətindən sonra bu gün artıq onlar öz yurdlarına-Cəbrayıla qayıdaraq burada yeni bir həyat qururlar. Bakı və digər bölgələrdə məcburi köçkün həyatı yaşayan bu insanlar indi dövlət vasitəsilə təmin edilən yeni evlərdə məskunlaşaraq həm keçmişin ağrılarını, həm də gələcəyə olan ümidlərini özləri ilə gətiriblər. Biz də hazırda Cəbrayıldayıq və illər sonra doğma torpaqlarına qayıdan sakinlərlə həmsöhbət olaraq onların hisslərini, xatirələrini və yeni həyat hekayələrini dinləyəcəyik.

 

Əməkdaşımız Banuçiçək Məmmədova Cəbrayıl sakini Zakir Cəfərovla həmsöhbət olub:

 

“Mən Cəbrayıl rayonunda anadan olmuşam. Orta məktəbi bitirəndən sonra müxtəlif səbəblərdən doğma yurdumdan ayrılmalı oldum və illərlə ondan uzaqda yaşadım. Bu ayrılıq mənim üçün heç vaxt asan olmayıb, çünki insanın doğulduğu torpaq, keçdiyi küçələr, uşaqlıq xatirələri həmişə  onunla birgə yaşayır. Hazırda 68 yaşım var və uzun illərdən sonra yenidən Cəbrayıla qayıtdım. Bu qayıdış mənim həyatımın ən təsirli, ən unudulmaz anlarından biri olub. Doğulduğum, böyüyüb boya-başa çatdığım o yerlərin nə qədər dəyişdiyini, bəzi yerlərin viran qaldığını öz gözlərimlə gördüm. Açığı, bunu nə təsəvvür edə bilirdim, nə də bu qədər ağır olacağını düşünürdüm. Gördüklərim insanın ürəyini ağrıdan, eyni zamanda düşündürən mənzərələr idi. Buna baxmayaraq, bu gün o torpaqlara ayaq basdığım üçün özümü çox xoşbəxt hiss etdim. Hər daşını, hər cığırını yenidən görmək, keçmiş xatirələrimi sanki yenidən yaşamaq mənə təsəlli verib. O yerlər nə qədər dəyişsə də, mənim üçün həmişə doğma olaraq qalacaq. Çünki insanın yurdu sadəcə bir məkan deyil, onun yaddaşı, keçmişi və ruhudur”.

 

Yeni mənzillə təmin olunan Aybəniz Cəfərova da fikirlərini bizimlə bölüşüb:

 

“Biz 32 ildir ki, qaçqın idik. Bakıda yaşamışıq. Amma yerimiz, yurdumuz azad olunub. Şükürlər olsun ki, bizə rayonda ev veriblər və gəlib öz evimizdə yaşayırıq. Bura çox yaxşıdır. İndi bizim üçün öz vətənimizdə yaşamaq hər şeyə dəyər.Təmiz havası, gözəl kəhrizlərimiz, bulaqlarımız və hər cür şərait bizim üçün çox gözəldir. Çox şükür ki, artıq “qaçqın” adını üstümüzdən götürülüb. Prezidentimizin sayəsində bu ad bizim üzərimizdən götürülüb. Sanki üzərimizdə bir ləkə var idi, indi o da silinib. Bura çox dağıdılmışdı. Gəldik, gördük ki, hər yeri viran qoyublar, dağıdıblar. Məscidlərimizi də, evlərimizi də dağıdıblar. Demək olar ki, salamat heç nə qalmamışdı. İndi burada yeni tikilən evlər var. İndi isə burada məscidimizin bünövrəsini qoyublar. Cəbrayılda yenidən evlər, binalar tikilir. Xəstəxana tikilir, gözəl bir məktəb artıq istifadəyə verilib. Hər şeydən çox razıyıq”.

 

Banuçiçək Məmmədova

#başlayan #azərbaycan #yeni #cəbrayılda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər