Yuxumuzun əsl açarı işıq deyil, temperatur ola bilər: Elm adamlarından maraqlı kəşf
Antropoloq Qandi Yetiş uşaqlıqda Nyu-Cersinin soyuq qış gecələrində pəncərəni açıb sərin havanın üzünə toxunmasını gözləyərdi. Bu vərdiş onu tez bir zamanda yuxuya aparırdı. İllər sonra aparılan elmi araşdırmalar göstərir ki, onun bu kiçik uşaqlıq vərdişi əslində böyük bir bioloji həqiqətə dayanırmış.
Alimlərin son tədqiqatlarına əsasən, havanın temperaturu yuxu keyfiyyətimizə və bioloji saatımıza işıq qədər, bəlkə də daha çox təsir edir.
Antropoloq Yetiş və komandası elektrotexnikadan istifadə etməyən tsimane, hadza və san kimi yerli qəbilələrin yuxu rejimini araşdırıblar. Məlum olub ki, bu insanlar günəş batan kimi deyil, havanın temperaturu düşməyə başlayanda yuxuya gedir, günəş çıxmazdan əvvəl - sərinlik bitəndə oyanırlar. Tədqiqatçıların fikrincə, yuxu rejimimiz işıqdan daha çox ətraf mühitin temperatur dəyişikliyinə uyğunlaşır.
İnsan bədəninin hərarəti yuxuya hazırlaşarkən təbii olaraq təxminən 1°C aşağı düşür. 2007-ci ildə aparılan elmi təcrübə göstərib ki, gecə boyunca tənzimlənən sərin temperatur bədəndə yuxu hormonu olan melatoninin səviyyəsini artırır və səhər daha gümrah oyanmağa kömək edir. İsti otaqlarda yatdıqda isə yuxu kəsilir və keyfiyyəti düşür.
Kalyforniya Universitetinin yuxu mərkəzinin direktoru Cerom Siqelin sözlərinə görə, müasir sənaye cəmiyyətlərində yuxusuzluq (insomnia) hallarının çoxalmasının əsas səbəbi evlərimizdə temperaturun sabit saxlanılmasıdır. Maraqlıdır ki, araşdırılan yerli qəbilələrin dillərində "yuxusuzluq" sözü belə yoxdur.
"Biz sadəcə təkamül keçirdiyimiz mühitdə yaşamırıq", - deyə Siqel bildirir.
Alimlər temperaturun yuxuya tam təsir mexanizmini öyrənməyə davam etsələr də, bu gecə daha rahat yatmaq üçün pəncərəni bir qədər aralamaq köməyinizə çata bilər.
Fatimə İbrahimova