00:00:00
Yazar
Güllər Gülhüseynova
22.06.2026 13:58 17 3 dəq oxuma
Mədəniyyət

Yüz il öncə başlanan ideya: Ortaq əlifba və ortaq türkcə axtarışı

Yüz il öncə başlanan ideya: Ortaq əlifba və ortaq türkcə axtarışı

2026-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsindən 100 il ötür. 1926-cı ildə Bakıda baş tutan bu beynəlxalq elmi forum türk xalqlarının dil, ədəbiyyat, tarix və mədəniyyət sahəsində ortaq elmi platformada bir araya gəlməsi baxımından mühüm hadisə kimi tarixə düşüb. Qurultay təkcə elmi müzakirə məkanı deyil, həm də türk dünyasında mədəni inteqrasiya və ortaq identiklik ideyasının formalaşmasına təsir göstərən əlamətdar bir mərhələ olub.

 

Mövzu ilə bağlı türkoloq-tarixçi Faiq Ələkbərli “İnformator.az”a açıqlamasında bildirib ki, təxminən 100 il əvvəl Azərbaycanın paytaxtı Bakı Birinci Türkoloji Qurultaya ev sahibliyi edib. Həmin dövrdə yeganə müstəqil türk dövləti Azərbaycan Xalq Cümhuriyyəti olub:

 

“Azərbaycan da daxil olmaqla özbək, qazax, qırğız və digər türk xalqları isə sonradan Sovet İttifaqının tərkibinə zorla qatılıblar. Sovet hakimiyyətinin əsas məqsədlərindən biri türk xalqlarını İslam dünyasından və Türkiyədən uzaqlaşdırmaq olub. Bu məqsədlə onların ərəb əlifbasından latın əlifbasına keçməsini təşviq edib. Sonrakı mərhələdə isə bütün türk xalqları kiril əlifbasına keçirilib. Əslində Sovet Rusiyasının öz imperiya maraqları var idi. İlk baxışdan ərəb əlifbasından latın əlifbasına keçid və türk dillərinin saflaşdırılması təşəbbüsləri müsbət addım kimi görünə bilər. Lakin məqsəd türk xalqlarını Sovet imperiyasının maraqlarına uyğunlaşdırmaq idi. Buna görə də bir çox tədqiqatçılar hesab edirlər ki, ortaq türk əlifbası və ortaq türkcə ideyası müəyyən mənada Sovet hakimiyyətinin siyasi planlarının tərkib hissəsi olub. Qurultayın əsas müzakirə mövzuları milli əlifba və milli terminologiya məsələləri idi. Milli əlifba ideyası türk xalqlarının ərəb əlifbasından imtina edərək latın əlifbasına keçməsini və ortaq əlifbadan istifadə etməsini nəzərdə tuturdu. Lakin bu proses uzun sürmədi”.

 

Tarixçi qeyd edib ki, 1939-1940-cı illərdən etibarən bütün türk xalqları kiril əlifbasına keçməyə məcbur edilib. Milli terminologiya məsələsi isə türk dillərinin ərəb və fars mənşəli sözlərdən müəyyən qədər təmizlənməsi, qədim türk dilinin imkanlarından istifadə olunması ilə bağlı olub:

 

“Çox keçmədən Azərbaycan dili və digər türk dillərində rus və Avropa mənşəli terminlərin sayı sürətlə artdı. Buna baxmayaraq, həmin dövrün ziyalıları bu məsələlərə səmimi yanaşıblar. Onlar inanırdılar ki, milli əlifba xalqın inkişafına müsbət təsir göstərəcək, dilin sadələşməsi və zənginləşməsi üçün yeni imkanlar yaradacaq. Onların niyyəti türk xalqlarının mədəni və dil birliyini gücləndirmək olub.  Lakin Sovet hakimiyyəti bu ideyalardan daha çox öz siyasi maraqları naminə istifadə edib. Nəticədə vaxtilə bir-birini nisbətən asanlıqla anlayan azərbaycanlılar, özbəklər, qazaxlar, qırğızlar və türkmənlər arasında dil fərqləri daha da dərinləşib”.

 

Ekspert həmçinin bunu da qeyd edib ki, Qurultayda iştirak edən görkəmli ziyalılar- Əli bəy Hüseynzadə, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Fuat Köprülü, Əhməd Baytursınov, Qalimcan Şərif və başqaları türk dünyasının inkişafı naminə çalışıblar:

 

“Onların əksəriyyəti səmimi niyyətlə fəaliyyət göstərib. Hətta bəzi ziyalılar Sovet hakimiyyətinin məqsədlərini hiss etdikləri üçün ərəb əlifbasında qalmağın tərəfdarı idilər. Təəssüf ki, Qurultayın qəbul etdiyi qərarlar tam şəkildə həyata keçirilməyib. 1930-cu illərdə iştirakçıların böyük əksəriyyəti repressiyalara məruz qalıb. Türkoloqların çoxu sürgün edildi və ya həyatını itirib. Bununla belə, onların yarımçıq qalmış ideyaları bu gün yenidən aktuallıq qazanır. Hazırda ortaq türk əlifbası, türk dillərinin yaxınlaşması və ortaq ünsiyyət imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu proses bir əsr əvvəl başlanmış, lakin yarımçıq qalmış yolun davamı kimi qiymətləndirilə bilər. Ümid edilir ki, müasir dövrdə həm ortaq əlifba, həm də türk dillərinin yaxınlaşması sahəsində görülən işlər daha uğurlu nəticələr verəcək və yüz il əvvəl irəli sürülmüş ideyalar tam şəkildə reallaşacaq”.
 

Güllər Gülhüseynova

#Türkoloji Qurultay #Bakı #AXC #Əlifba #Türk
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər