Zəhərli çətirlə həyata keçirilən sirli qətl
1978-ci il sentyabrın 7-də Londonda bolqarıstanlı dissident, jurnalist və yazıçı Georgi Markov müəmmalı şəkildə öldürüldü. İddialara görə, onun qətli xüsusi hazırlanmış çətir vasitəsilə həyata keçirilən siyasi sui-qəsd idi.
Hadisə Böyük Britaniyada baş verən ən məşhur və müəmmalı siyasi qətllərdən biri kimi tarixə düşüb.
49 yaşlı Georgi Markov 1978-ci il sentyabrın 7-də Londonun mərkəzində, Vaterloo körpüsü yaxınlığında avtobus gözləyərkən bud nahiyəsində qəfil ağrı hiss edib.
Onun həyat yoldaşı Annabel Markov sonradan hadisəni belə xatırlayıb:
“O, budunda nəyinsə batdığını hiss etmişdi. Arxaya baxanda əlində çətir olan bir kişinin dayandığını görmüşdü. Həmin şəxs üzr istəyərək çətirini yerə salmışdı.”
Markov bir neçə gün sonra xəstəxanaya yerləşdirilib. Həkimlər ilkin olaraq onun ölümünə qanda yaranan infeksiyanın səbəb olduğunu düşünsələr də, aparılan araşdırmalar hadisənin siyasi qətl ola biləcəyini ortaya çıxarıb.
Budunda tapılan müəmmalı metal kapsul
Markovun ölümündən sonra Böyük Britaniyanın anti-terror bölməsi onun bud nahiyəsində çox kiçik metal hissəcik aşkar edib.
Scotland Yardın kriminalistika laboratoriyasında aparılan ekspertiza zamanı məlum olub ki, həmin hissəcik son dərəcə mürəkkəb hazırlanmış kiçik metal kapsuldur.
Kapsulun üzərində dörd kiçik dəlik olub. Mütəxəssislər həmin dəliklərin insan orqanizminə öldürücü dozada zəhər ötürmək üçün nəzərdə tutulduğunu düşünürdülər.
Britaniyanın kimyəvi və bioloji silahlarla bağlı gizli tədqiqat mərkəzi olan Porton Downun alimləri Markovun ölümünə yüksək toksikliyə malik risin zəhərinin səbəb ola biləcəyi qənaətinə gəliblər.
BBC-nin “Panorama” proqramının məlumatına görə, bu maddədən həmin dövrdə Böyük Britaniyada qətl məqsədilə istifadə olunması ilə bağlı daha əvvəl qeydə alınmış hadisə olmayıb.
Daha bir bolqarıstanlı mühacir hədəfə alınmışdı
Araşdırmalar zamanı məlum olub ki, Markovun ölümündən təxminən 10 gün əvvəl Fransada yaşayan digər bolqarıstanlı mühacir Vladimir Kostov da oxşar hücumun qurbanı olub.
Kostov həyat yoldaşı ilə birlikdə Paris metrosundan çıxarkən bel nahiyəsində qəfil və kəskin ağrı hiss edib. Bundan sonra onun yüksək hərarəti yaranıb və bir neçə gün davam edən xəstəlikdən sonra sağalıb.
Lakin Georgi Markovun ölüm xəbərindən sonra Kostov bel nahiyəsini rentgen müayinəsindən keçirib. Müayinə zamanı onun bədənində kiçik metal hissəcik aşkar olunub.
Fransadakı klinikalardan birində cərrah polis əməkdaşının iştirakı ilə həmin metal hissəciyi Kostovun bədənindən çıxarıb.
Sonradan hissəcik araşdırılması üçün Böyük Britaniyaya göndərilib.
Scotland Yardın mütəxəssisləri yüksək güclü elektron mikroskop vasitəsilə aparılan araşdırmalar zamanı Kostovun bədənindən çıxarılan metal hissəciyin Georgi Markovun budunda tapılan kapsulla eyni olduğunu müəyyən ediblər.
Hər iki hissəcik eyni çəkidə olub, üzərlərindəki dəliklər eyni formada yerləşib və nadir platin-iridium ərintisindən hazırlanıb.
Bu materialın insan orqanizmi tərəfindən rədd edilməməsi isə sui-qəsdin xüsusi texnologiya ilə hazırlanmış plan əsasında həyata keçirildiyi ehtimalını gücləndirib.
Sui-qəsd planından əvvəlcədən xəbərdarlıq edilmişdi
Georgi Markovun həyat yoldaşı və böyük qardaşı 1979-cu ildə BBC-nin “Panorama” proqramına verdikləri müsahibədə onun ölümündən bir neçə ay əvvəl anonim şəxs tərəfindən Markovun zəhərlənərək öldürüləcəyi barədə xəbərdarlıq aldıqlarını bildiriblər.
Keçmiş KQB xüsusi əməliyyat qrupunun rəhbəri və Bolqarıstan xüsusi xidmət orqanlarının keçmiş polkovnikinin açıqlamaları isə sui-qəsd qərarının ən yüksək siyasi dairələrdə qəbul edildiyi ehtimalını daha da gücləndirib.
Georgi Markovun ölümü illərdir “çətir sui-qəsdi” kimi tanınır və Soyuq müharibə dövrünün ən səs-küylü siyasi qətllərindən biri hesab olunur.
Elmira Ağayeva