“Zəngəzur dəhlizi malların daha sürətli və ucuz daşınmasına imkan verəcək” - Ekspert
Azərbaycan və Serbiya regionlararası konnektivlikdə mühüm rol oynayır. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, “orta güc” sayılan Azərbaycan və Serbiya strateji tərəfdaş olaraq həm Cənubi Qafqaz və Xəzər, həm də Balkan regionlarında regionlararası əməkdaşlığı gücləndirirlər.
Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, dəhlizin açılması həm qısa, həm də uzunmüddətli perspektivdə iqtisadi baxımdan əhəmiyyətli nəticələr verə bilər:
“Qısa müddətli perspektivdə də, uzun müddətli perspektivdə də Zəngəzur dəhlizinin açılması şərqdən gələn malların Avropaya, o cümlədən Balkanlara və Serbiyaya, eləcə də əks istiqamətdə daşınmasını daha sürətli və daha ucuz edəcək. Əsas üstünlük budur. Bu, malların qiymətinin düşməsinə gətirib çıxara bilər. Bu baxımdan, tranzit marşrutunun keçdiyi ölkələr üçün əlavə üstünlüklər yaranır”.
Əkrəm Həsənov qeyd edib ki, tranzit əlaqələri ölkələr arasında iqtisadi münasibətlərin möhkəmlənməsinə şərait yaradır:
“Tranzit yolu üzrə yerləşən ölkələrin əlaqələri güclənir. Tranzit əlaqələrinin olduğu yerdə qarşılıqlı investisiyalar və sərmayələr daha cəlbedici olur. Sabit və davamlı yol biznes üçün əminlik yaradır. Əgər mal həmin istiqamətdən gəlirsə, sahibkar da həmin ölkəyə sərmayə yatırmaqda maraqlı olur. Zəngəzur dəhlizi regionda yeganə marşrut deyil. Şimal və cənub dəhlizləri də mövcuddur. Şimal marşrutu Rusiyadan, cənub marşrutu isə İrandan keçir. Hazırda qərb istiqamətində münasibətlər mürəkkəb olduğu üçün həmin dəhlizlərin fəaliyyəti məhduddur. Sabah vəziyyətin necə dəyişəcəyini demək çətindir. Lakin hər bir halda Zəngəzur dəhlizi alternativ marşrutlardan biridir”.
Fatimə Hüseynli
