00:00:00
Yazar
Zəhra Həsənova
02.07.2026 19:00 28 2 dəq oxuma
İqtisadiyyat

 “Zəngəzur dəhlizinin açılması ilə vəziyyət daha da yaxşılaşacaq” - Xalid Kərimli

 “Zəngəzur dəhlizinin açılması ilə vəziyyət daha da yaxşılaşacaq” - Xalid Kərimli

Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının genişləndiyini bildirərək, ölkə ərazisindən keçən yükdaşımaların bütün istiqamətlər üzrə artdığını qeyd edib. Dövlət başçısının sözlərinə görə, son illərdə həyata keçirilən infrastruktur layihələri, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və regional əməkdaşlığın genişlənməsi Azərbaycanın qlobal yük daşımalarında rolunu daha da gücləndirib. Ekspertlər hesab edirlər ki, yük həcminin artması ölkənin tranzit gəlirlərinin yüksəlməsinə, logistika sektorunun inkişafına və Azərbaycanın beynəlxalq ticarət marşrutlarında strateji mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, dünyada baş verən proseslər, xüsusilə, Qırmızı dəniz və Hörmüz boğazı ətrafındakı qeyri-sabitliklər səbəbindən tacirlər, ticarət şirkətləri və logistika operatorları idxal-ixrac əməliyyatları üçün alternativ marşrutlar axtarırlar:

 

“Həmin istiqamətlərdən biri Orta Dəhliz, digəri isə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir. Dünyada baş verən proseslər buna səbəb olur. Eyni zamanda, bu marşrutlarda yerləşən ölkələr də öz infrastrukturunu təkmilləşdirir, inkişaf etdirirlər. Bunun üçün yük daşımaq imkanları, yollar, infrastruktur və koordinasiya mexanizmləri olmalıdır. Hazırda bu istiqamətdə işlər aparılır.
Bu inkişaf Azərbaycanın tranzit potensialını artırır. Həm Orta Dəhliz, həm də Şimal-Cənub dəhlizi ölkəmizdən keçən əsas beynəlxalq ticarət marşrutlarıdır. Onların inkişaf etdirilməsi Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və ölkəyə müsbət iqtisadi töhfələr verir. Bu, iqtisadiyyat üçün yeni iş yerlərinin yaranması deməkdir. Bundan əlavə, bu proses öz idxal-ixrac əməliyyatlarımızın da təkmilləşdirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır. Xüsusilə, Zəngəzur dəhlizinin açılmasından sonra vəziyyət daha da yaxşılaşacaq. Belə ki, həm Naxçıvana birbaşa çıxış təmin olunacaq, həm də Türkiyə ilə daha qısa məsafəli əlaqə yaranacaq. Bu proseslər həm iqtisadi artıma müsbət təsir göstərir, həm də tranzit yığımlarının artmasına səbəb olur. Ölkə ərazisindən keçən yüklərlə bağlı müxtəlif ödənişlər və vergilər dövlət büdcəsinə daxil olur. Bu inkişaf xidmət və hotel sektoruna da müsbət təsir edir. Çünki tranzit marşrutlarından istifadə edən şəxslər ölkə ərazisində dayanır, dincəlir, qidalanır və müxtəlif xidmətlərdən istifadə edirlər”.

 

Fatimə Hüseynli

#Orta Dəhliz #Prezident #Zəngəzur
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər