Zelenski: Putinlə Moskvada görüş mümkün deyil
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Moskvada danışıqlar aparmaqla bağlı səsləndirilən dəvətlərə münasibət bildirib. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, Zelenski jurnalistlərə açıqlamasında Moskvada görüşün mümkün olmadığını qeyd edib. O, Putin istəsə, Kiyevə gələ biləcəyini bildirib və onu açıq şəkildə dəvət edib. Zelenski vurğulayıb ki, liderlərin görüşünün istənilən real formatı Ukrayna üçün məqbul hesab olunur və belə bir təmas mövcud vəziyyətdən daha əhəmiyyətli ola bilər.
Mövzu ilə bağlı “İnformator.az”a siyasi şərhçi Aydın Quliyev bildirib ki, tərəflər arasında birbaşa dialoqun qurulması qeyri-mümkündür:
“Hazırda Rusiya və Ukrayna arasındakı münasibətlər həm hərbi əməliyyatlar meydanında, həm də diplomatik müstəvidə kəskin düşmənçilik mərhələsindədir. Dövlətlər, xalqlar və xüsusilə də liderlər səviyyəsində qarşılıqlı etimadın tamamilə itməsi tərəflər arasında birbaşa dialoqun qurulmasını qeyri-mümkün edir. Mövcud şəraitdə Vladimir Putin və Volodimir Zelenskinin Kiyev və ya Moskvada bir araya gəlməsi ən zəif ehtimal olunan ssenaridir. Belə bir görüşün paytaxtlarda keçirilməsi tərəflərdən birinin digəri üzərində üstünlüyünün nümayişi kimi qəbul edilə bilər ki, bu da hazırkı vəziyyətdə hər iki tərəf üçün qəbuledilməzdir. Diplomatik çıxılmaz vəziyyəti dərinləşdirən digər mühüm amil Ukrayna Ali Radasının qəbul etdiyi qanundur. Bu qanun Zelenskinin Putinlə birbaşa görüşməsini hüquqi cəhətdən qadağan edərək tərəflər arasında ciddi baryer yaradır. İkitərəfli formatın mümkünsüzlüyü fonunda yeganə real çıxış yolu üçüncü ölkələrin vasitəçiliyi ilə keçirilən görüşlərdir. Hazırda İstanbulda, Əbu-Dabidə və digər ərəb ölkələrində müxtəlif müzakirə formatları mövcuddur. Üçtərəfli formatlar. Hələlik həlledici nəticələr əldə olunmasa da, ABŞ və Türkiyə kimi vasitəçilərin iştirakı ilə dialoq cəhdləri davam edir. Yekun olaraq, Rusiya-Ukrayna münasibətlərində real irəliləyiş üçün Moskva görüşünə ümid bəsləmək perspektivsizdir. Zelenskinin bu formatdan imtina etməsi sülh prosesinə əlavə mənfi təsir göstərmir, çünki münasibətlər onsuz da kritik həddədir”.
Aydan Əsgərxanlı
