00:00:00
Yazar
Elmira Ağayeva
02.10.2026 23:16 125 3 dəq oxuma
Araşdırma

Zelenski: Rusiyanın gecə hücumunda əsas hədəf Kiyevin enerji infrastrukturu olub

Zelenski: Rusiyanın gecə hücumunda əsas hədəf Kiyevin enerji infrastrukturu olub

 

 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücumun əsas hədəfi Kiyev və Kiyev vilayətindəki enerji infrastrukturu olub. Onun sözlərinə görə, zərbələrin nəticələrinin aradan qaldırılması, elektrik enerjisi və su təchizatının bərpası istiqamətində işlər davam etdirilir.

Zelenski hücum nəticəsində 5 nəfərin, o cümlədən bir uşağın öldüyünü, 14 nəfərin isə yaralandığını bildirib.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Azad Məsiyev bildirib ki, Rusiya-Ukrayna münaqişəsi artıq yalnız iki ölkə arasında gedən qarşıdurma deyil.

“Bildiyiniz kimi, Rusiya-Ukrayna münaqişəsi 5 ildir ki, davam edir. Bu münaqişə artıq Rusiya ilə Ukrayna arasında deyil, NATO bloku ilə Rusiya arasındadır. Avropa İttifaqı ilə Rusiya arasında de-fakto bir savaşdır. Çünki qarşı tərəf, yəni NATO və Avropa İttifaqına daxil olan dövlətlər bu münaqişədə bütün vasitələrlə tərəfdir. Münaqişənin uzanması da məhz bu baxımdan 5 ilə yaxındır ki, davam edir. Bu müharibədə Rusiya həm hərbi, həm də siyasi müstəvidə qalibdir”.

Bununla yanaşı, politoloq vurğulayıb ki, Zelenskinin açıqlamaları və baş verən hadisələr Ukraynanın hava hücumundan müdafiə sisteminin kifayət qədər effektiv olmadığını göstərir.

“Zelenski yaranmış vəziyyəti nəzərə alaraq çalışır ki, özü üçün taym-aut götürsün, atəşkəs əldə etsin və bununla əlaqədar Amerika Birləşmiş Ştatlarının da bu məsələdə vasitəçilik etməsinə çalışır. Çünki Zelenskinin verdiyi bəyanatlar və hadisələr göstərir ki, Ukraynanın hava hücumundan müdafiə sistemi kifayət qədər qənaətbəxş deyil, Rusiyanın uzaqmənzilli raketlərinin və dronlarının qarşısını almaqda acizdir. Rusiya öz texniki imkanlarından və hərbi potensialından istifadə edərək Ukraynanın dərinliklərində istədiyi obyekti vura bilir və bunun qarşısını Ukrayna tərəfi ala bilmir. Düzdür, Ukrayna da Qərbdən, Avropa İttifaqından və ABŞ-dən aldığı silahlar, həmçinin dronlar vasitəsilə Rusiyanın enerji sektoruna zərbələr endirsə də, bu zərbələr Rusiyanın geri çəkiləcəyi anlamına gəlmir. Məsələ də burasındadır ki, Zelenski bu məsələdə danışıqlar prosesində şəxsiyyət deyil, tərəf deyil. Ona görə ki, müharibəni başladan tərəf var – ABŞ. Və ABŞ başda olmaqla Qərb hansı havanı çalırsa, Zelenski də onu oynayır”.

Həmçinin Azad Məsiyev qeyd edib ki, Rusiya kifayət qədər hərbi gücə, təbii sərvətlərə, silah-sursat istehsalı üçün zavod və fabriklərə malikdir.

“Avropa İttifaqından gələn məlumatlar da onu göstərir ki, Ukraynanı yeni və müasir silahlarla təchiz etmək imkanları məhduddur. Maliyyə dəstəyi də getdikcə azalmağa doğru gedir. Bu artıq onu göstərir ki, bu münaqişədə Rusiya mütləq qələbə əldə etmək üçün mübarizə aparır. Arxa cəbhədə, Ukraynanın dərinliklərini və enerji qaynaqlarını vurmaqla da məhz bu məqsədə nail olmağa çalışır.

Unutmayaq ki, Rusiya kifayət qədər hərbi gücə, təbii sərvətlərə, həmçinin hərbi silah-sursat istehsal etmək üçün zavod və fabriklərə malikdir. Bu gün Rusiyanın zavod və fabrikləri demək olar ki, tam gücü ilə fəaliyyət göstərir. Bu baxımdan, münaqişə davam edir”.

Ayşə Cəfərova

#hücumunda #gündəm #rusiyanın #xəbər #hədəf
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər