Zəfərə gedən yol özümüzdən başladı
O günlərdə güclü ordumuz da irəlilədikcə irəliləyirdi. Hər gün qələbə sevinci, iftixar hissi yaşayırdıq.
Xanım Niftəliyeva
Psixoloq-psixoterapevt
44 günlük Vətən müharibəsinin qələbəsini yaşayırıq. Bu qələbədə hamının payı var. Sözsüz ki, şəhidlərimizlə və qazilərimizlə özümüzü müqayisə edə bilmərik. Onların canları, qanları bahasına bu qələbəni əldə etmişik.
27 sentyabr 2020-ci il! Müharibə başlayan gün. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur”...... Ali Baş Komandanın müraciətini axıra kimi, həyəcanla dinlədim. Demək müharibə başlayıb, demək səbr kasamız daşıb və düşmənə layiq olduğu cavablar verilir.
O zaman mən də minlərlə soydaşımız kimi “nə edə bilərəm, necə edə bilərəm ki, bu ağır günlərdə xalqıma, elimə dəstək olum?”-sualını özümə verdim və cavabım bu oldu ki, mən ən azı öz sahəmlə bağlı nəsə edə bilərəm. Sözsüz ki, həmin günlərdə mən də ürəklə “boğazımdan kəsib”, əlimə keçən nə var idisə maddi köməklik edirdim, başqa cür ola da bilməzdi. Bunu heç bizim dilimizə belə gətirməyimiz doğru deyil.
Mən “müsəlləh əsgərəm” deyib az-çox vətənimizə, ölkəmizə dəstək olmağa çalışdım və ilk olaraq Bərdəyə yola düşdüm, orda həmkarlarımı gördüm. Demək vətənin ağır günündə hamımız bir-birimizdən xəbərsiz ona dəstək olmağa gəlirmişik. 10 gün Bərdə də qaldıq, yaralılarımızla, onların ailələri ilə həmsöhbət olduq. Bərdə Müalicə Diaqnostika Mərkəzindəki yaralılarımıza, sonra onların ailələrinə baş çəkdik.
"Vətən yaxşıdır" təsnifini bu gün dillər əzbərinə çevirən şəhidimiz Xudayar Yusifzadənin ailəsində də olduq. Şəhid anasına biz təskinlik vermək əvəzinə, sanki o bizə dəstək olurdu. İçi sızlasa da qürurlu durmuşdu, “balam vətən uğrunda getdi”-deyirdi. Dərdləşdik, söhbətləşdik, ölkəmizə gözəl sabahlar arzuladıq.
Növbəti gün Naftalana yola düşdük, şəhid ailələri ilə, qazilərimizlə, yaralılarımızla görüşlərimiz oldu.
O günlərdə güclü ordumuz da irəlilədikcə irəliləyirdi. Hər gün qələbə sevinci, iftixar hissi yaşayırdıq.
Amma müharibənin fəsadları, vurduğu mənəvi-psixoloji yaralar, travmalar da az olmurdu. Əslində müharibə travması müxtəlif formalarda olur – məsələn, əsgərlər üçün bir, mülki şəxslər üçün bir başqa formada olur. Çünki əsgər birbaşa döyüşdə olur, mülki şəxs isə kənardan izləyir. Demək onlara psixoloji dəstək də fərqli olmalıdır.
44 günlük Vətən müharibəsində bir şeyin şahidi oldum. Birlik, özünəgüvən, vətənin xilası insanlarımızı mənən çox güclü etdi. Travma isə elədir ki, bəzən məcazi mənada onun üzərinə getmək lazımdır. Həm də xalqımızın bir gözəl xüsusiyyəti də var: bir-birinə təskinlik vermək, məlhəm olmaq, yaralarını sarımaq. Bu da ən güclü psixoloji dəstəkdir.
Yazımı burda sona çatdırıram. Çünki bu gün qələbəmizi qeyd edirik. Hamının qürur duyduğu Zəfər Gününü qeyd edirik. Bayramımız mübarək olsun!.
