Zəfərin dərsi və gələcək münasibətlər
Bu gün Azərbaycan xalqı tarixi Zəfər Gününü- 8 Noyabrı qeyd edir. 2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad olunub, dövlətimizin ərazi bütövlüyü bərpa edilib. Şuşanın azad edilməsi isə bu qələbənin rəmzinə və zirvəsinə çevrilib. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə regionda yeni reallıqlar yaradıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov “İnformator.az”a açıqlama verib.
Deputat bildirib ki, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib və düşmən üzərində tarixi zəfər çalıb:
"8 Noyabr Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olunub. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa edib, tarixi ədalət bərpa olunub. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!
Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib və düşmən üzərində tarixi zəfər çalıb. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə aparıblar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməyən həmrəylik nümayiş etdirib, ön və arxa cəbhədə sarsılmaz birlik yaranıb. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir".
Deputat işğaldan azad edilən ərazilərdə aparılan geniş quruculuq işlərinə diqqət çəkib:
"Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə Zəngilanda "Ağıllı kənd" layihələrinin uğurla icra olunması, Zəfər yolunun inşası, beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin təməlinin qoyulması, işğaldan azad olunan rayonların baş planlarının hazırlanması, həmin ərazilərdə yaşayış yerlərinin salınması, dəmir yollarının və avtomobil yollarının sürətli çəkilişi, su elektrik stansiyalarının bərpası və digər mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir".
Ceyhun Məmmədov sonda vurğulayıb ki, Azərbaycanın inkişaf yolu bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib xalq kimi davam edəcək:
"Qarşıda isə bizi hələ bir çox mühüm vəzifələr gözləyir. Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır".
Güllər Gülhüseynova
