00:00:00
Yazar
Zəhra Həsənova
04.11.2026 23:31 30 2 dəq oxuma
Sosial

Zibeydə Sadıqova: “Sahibkarlar özlərinə sərf edən ödəniş texnologiyasını seçə biləcəklər”

Zibeydə Sadıqova: “Sahibkarlar özlərinə sərf edən ödəniş texnologiyasını seçə biləcəklər”

“Elektron ticarət haqqında” Qanuna təklif olunan dəyişikliklər elektron ticarətin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsini, sahibkarların fəaliyyət imkanlarının genişləndirilməsini və müasir ödəniş texnologiyalarının tətbiqini nəzərdə tutur.

 

Mövzu ilə bağlı vəkil Zibeydə Sadıqova “İnformator.az”a açıqlamasında bildirib ki, qanuna edilən dəyişikliklər elektron ticarət sahəsində yaranan yeni iqtisadi münasibətlərin tənzimlənməsi zərurətindən irəli gəlir.

 

Onun sözlərinə görə, əvvəlki qanunvericilik əsasən ölkə daxilindəki iqtisadi münasibətləri tənzimləsə də, yeni dəyişikliklərdən sonra qanunun əhatə dairəsi genişlənəcək. Belə ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlər öz məhsullarını xarici platformalar vasitəsilə beynəlxalq bazarlara çıxarmaq imkanı əldə edəcəklər.

 

O qeyd edib ki, qanuna əlavə edilən əsas yeniliklərdən biri texnoloji neytrallıq prinsipidir. Bu prinsip müxtəlif texnoloji vasitələr arasında üstünlük fərqinin qoyulmamasını nəzərdə tutur. Nəticədə sahibkarlar fəaliyyətləri zamanı özlərinə daha uyğun olan texnologiyalardan istifadə edə biləcəklər.

 

Zibeydə Sadıqovanın fikrincə, bu yanaşma elektron ticarət sahəsinə yeni texnologiyaların cəlb olunmasına, xarici şirkətlərin və investorların marağının artmasına, eləcə də rəqabət mühitinin güclənməsinə şərait yarada bilər.

 

O, həmçinin bildirib ki, dəyişikliklər nağdsız ödəniş imkanlarının genişləndirilməsini də nəzərdə tutur. Belə ki, bundan sonra mobil telefonlardan POS-terminal funksiyası ilə istifadə etmək mümkün olacaq. Bu yenilik sahibkarların ayrıca POS-terminal avadanlığına çəkdiyi xərclərin azaldılmasına xidmət edir.

 

Onun sözlərinə görə, yeni redaksiyada satıcıların ödəniş üsulları barədə məlumatlandırma öhdəliyi də daha geniş formada müəyyənləşdirilir. Əvvəlki qaydalardan fərqli olaraq, ödəniş vasitələri yalnız POS-terminal, internet şəbəkəsi və elektron pul kisəsi ilə məhdudlaşmayacaq.

 

Bundan başqa, elektron ticarət çərçivəsində malların, işlərin və xidmətlərin dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçiriləcək. Bu isə ödəniş əməliyyatlarının banklar, elektron pul təşkilatları və digər müvafiq ödəniş xidməti təchizatçıları vasitəsilə aparılması deməkdir.

 

Ada Hacızadə

#sərf #baki #özlərinə #sadıqova: #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər