Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. İdarə avtomobillərin mövsümə uyğun hazırlanmasının və texniki vəziyyətinin yoxlanılmasının vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında yol hərəkəti üzrə ekspert Elməddin Muradlı qeyd edir ki, sürücülər avtomobillərinə vaxtında qulluq etməli, təhlükəsizlik qaydalarına əməl etməlidirlər:
"Payız-qış mövsümündə hava şəraitinin dəyişməsi təbii ki, yol-hərəkət təhlükəsizliyi baxımından ciddi bir yanaşma tələb edir. Sürücülər burada peşəkarlıq nümayiş etdirməlidirlər. Yol hərəkəti haqqında qanunun tələbinə uyğun olaraq, meteoroloji şəraiti, hava və yol şəraitini mütləq nəzərə almalıdırlar. Yolda 90, 110 sürət qoyulubsa, o demək deyil ki, yağışlı, qarlı havada, buzlu yolda həmin sürətlə hərəkət etmək olar. Görüntü məhdudiyyəti olan yerlərdə ötmə əməliyyatı aparmaq olmaz. Ötmə manevr qaydası bəzi sürücülərə asan bir iş kimi görünür, amma çox riskli və təhlükəli bir hərəkətdir. Bunu təhlükəsizliyə əmin olduqdan sonra həyata keçirmək lazımdır. Ona görə də,birinci növbədə sürət, ikinci növbədə ötmə manevr qaydalarına əməl etmək lazımdır. Avtomobili saz vəziyyətdə saxlamaq çox vacibdir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hər il bu çağırış edilir. Təəssüf ki, bəzi sürücülər buna ciddi yanaşmırlar. İstismara yararsız təkərlə, qarlı yolda, şaxtalı, buzlu yolda qazaya düşürlər. Maşın yoldan çıxır, dərəyə aşır, hansısa maneyə çırpılır".
Ekspert qeyd edir ki, sürücülər qışa hazırlıq zamanı avtomobillərinin texniki vəziyyətini yoxlamalı, vaxtında qulluq göstərməlidirlər. Əks halda, nasaz təkərlər və digər problemlər yolda qalmağa, hətta ağır qəzalara səbəb ola bilər.
Ayan Məmmədzadə