Zibil atanları hansı cəzalar gözləyir?-Qaydaları pozanlara minlərlə manatlıq cərimə
Köhnə mebel, tikinti tullantıları və məişət zibillərinin təsadüfi yerlərə atılması yalnız ətraf mühitin görüntüsünü korlamır, eyni zamanda qanunla qadağan olunan hərəkət sayılır. Əksər insanlar bunun hüquqi nəticələrindən xəbərsiz olsa da, belə hallara görə kifayət qədər yüksək məbləğdə cərimələr nəzərdə tutulub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Elnur Məmmədov bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi zibillərin atılmasını qadağan edən yerləri bir neçə kateqoriyaya bölüb:
“Bunlardan ən geniş yayılanı meşə fondu torpaqlarının və su obyektlərinin məişət tullantıları və digər vasitələrlə çirkləndirilməsidir. Meşə fondu torpaqlarının çirkləndirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsinə əsasən fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər isə yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Su obyektlərinin çirkləndirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsinə əsasən fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Bundan başqa, məişət tullantılarının nəzərtə tutulan yerlərə deyil, kənar yerlərə atılmasına görə də məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsi bu halın baş verməsini də qadağan edir və buna görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Bəzən vətəndaşlar haqlı olaraq bildirir ki, aidiyyəti orqanlar tullantıların atılması üçün müvafiq yerlər ayırmadığı üçün belə hallar baş verir. Əslində bələdiyyələr və digər müvafiq qurumlar bunun üçün yerlər ayırmalıdır və həmin yerlər də vətəndaşlar üçün əlçatan olmalıdır. Lakin bütün hallarda hər bir vətəndaş nəzərə almalıdır ki, ərazidə və yaxud da yaxınlıqda müvafiq yerlərin olmaması onları cərimələnməkdən azad etmir”.
Gövhər Mehyəddinova