00:00:00
Yazar
Admin User
16.12.2025 18:49 108 3 dəq oxuma
Sosial

Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib

Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib

Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi–Hava Limanı avtomobil yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.  Eyni zamanda, yolboyu bütün elektron tablolarda “sürüşkən yol” xəbərdarlıq nişanı yerləşdirilib. Sürücülərdən müəyyən edilmiş sürət həddinə ciddi şəkildə əməl etmələri, diqqətli və ehtiyatlı olmaları xahiş edilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, yağışlı havada avtomobilin idarə olunması birbaşa sürətlə bağlıdır və bu, yol hərəkətinin təhlükəsizliyi ilə düz mütənasibdir:

 

"Başqa sözlə desək, sürət həddinin aşılması təkərlə yaş asfalt örtüyü arasında sürüşmə ehtimalını artırır. Bu isə təkərin yol səthinə yapışmasını zəiflədir və sürüşməyə səbəb olur. Nəticədə qəza riski yüksəlir və hadisələrin qaçılmaz olmasına gətirib çıxara bilər. Burada diqqət edilməli başqa bir məqam da odur ki, nəqliyyat vasitəsinin texniki cəhətdən saz və ya nasaz olmasından asılı olmayaraq, sürət faktoru əsas risk amilidir və sürücülər bunu mütləq nəzərə almalıdır. Hazırda şəhər yollarında radarlar, kameralar və digər müşahidə vasitələrinin quraşdırılması sürətə nəzarəti artırmaq məqsədi daşıyır. Bu texnoloji sistemlər həm sürücünün təhlükəsizliyini təmin edir, həm də ictimai nəzarətin bir forması kimi cəmiyyətə fayda verir.

 

Sürücülərin ən çox yol verdiyi səhvlərdən biri sürət həddinin aşılması, diqqətsizlik, ara məsafəsinin düzgün təyin edilməməsi və psixoloji gərginlik fonunda reflekslərin zəifləməsidir. Belə vəziyyətlərdə sürücülər bəzən psixoloji təzyiq altına düşür, özlərini narahat və qeyri-sabit hiss edirlər. Bu hal rus dilində “işqaneniye” adlanır, yəni sürücünün psixoloji olaraq rahatlığını itirməsi və təhlükələrə həddən artıq reaksiya verməsi. Bu vəziyyət, adətən qəza risqini artırır. Belə hallarda sürücü sadə vəziyyətdə belə nəzarəti itirə, özünü və ətrafdakı digər hərəkət iştirakçıları üçün təhlükə yarada bilər. Bu da qəza şəraiti yaradan əsas səbəblərdən biridir.

 

Bu problemlərin qarşısını almaq üçün vacibdir ki, təcrübəli, stajlı və diqqətli sürücülər nəqliyyat vasitələrini idarə etsin. Yeni sürücülər və ya təcrübəsiz olan şəxslər isə daha çox risk daşıyır və qəza ehtimalı onlarda daha yüksək olur. Buna görə də onların təlimi və yol şəraitində davranışları xüsusi nəzarətdə saxlanmalıdır.

 

Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, Bakı şəhərində hava şəraitinə uyğun çevik və yüksək sürətli reaksiya verə bilən nəqliyyat sistemi tətbiq olunmalıdır. Bu, xüsusilə küləkli və açıq sahələrdə yəni dənizlə təmasda olan ərazilərdə, geniş magistral yollarda və açıq sahələrə çıxışı olan küçə və prospektlərdə daha vacibdir. Belə ərazilərə təhlükəsizlik baxımından nəzarət artırılmalıdır. Bakı şəhərinin daxili küçə və prospektləri arasında təhlükəli hesab olunan ərazilər aşağıdakılardır: Neftçilər prospekti, İnşaatçılar prospekti, 8 Noyabr prospekti (xalq arasında “Zəhər prospekti” kimi tanınır), Zığ yolu – Heydər Əliyev prospektinin hava limanı istiqamətində olan hissəsi, eləcə də Ziya Bünyadov prospektinin Köroğlu metro stansiyası yaxınlığı. Bu ərazilər açıq havaya birbaşa məruz qaldığı üçün qarlı və yağışlı havalarda burada yol-nəqliyyat hadisələrinin baş verməsi ehtimalı yüksək olur. Bu kimi detallı yanaşmalar yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək baxımından vacibdir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər