00:00:00
Yazar
Ayan Sədi
06.07.2026 23:00 37 2 dəq oxuma
Siyasət

Zimbabvenin Azərbaycana marağı: Parlament əməkdaşlığının yeni mərhələsi

Zimbabvenin Azərbaycana marağı: Parlament əməkdaşlığının yeni mərhələsi

Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda iyulun 5-də Azərbaycana rəsmi səfərə gəlib.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaq nümayəndə heyətini Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və digər rəsmi şəxslər qarşılayıblar.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Zimbabve Parlamentinin sədrinin Azərbaycana səfəri bu ölkənin sivil dövlət quruculuğu yolunda axtarışda olduğunu göstərən əlamətlərdən biridir:

 

“Zimbabve illər əvvəl müstəmləkə əsarətindən azad olmuş ölkədir. Eyni zamanda, müstəmləkə əsarətindən azad olduqdan sonra uzun müddət ağır diktatura rejimində yaşamış Afrika ölkəsidir. Cəmi bir neçə il əvvəl diktatura rejimindən xilas olan ölkə yavaş-yavaş iqtisadi və digər sektorlarda şaxələndirmə siyasəti aparmaqla inkişaf etməyə çalışır. Zimbabvenin, xüsusilə də, dünya parlament sisteminə inteqrasiya yolunda vacib maraqları var.

Zimbabvenin dünya parlamentləri ailəsinə qoşulmaq cəhdi, o cümlədən Azərbaycan parlamenti ilə əməkdaşlığı, bu ölkənin siyasi sisteminin dünyəviləşməsi baxımından olduqca vacib məsələdir.

 

Azərbaycanın kənd təsərrüfatı və emal sənayesi Zimbabve üçün maraqlı təcrübə mənbəyi ola bilər. Xüsusilə də Zimbabvedə parlament demokratiyasının və parlament idarəçiliyinin inkişaf etdirilməsi bu ölkə üçün olduqca vacibdir. Bu baxımdan, Zimbabvenin Azərbaycanla əməkdaşlığı onlar üçün yeni imkanlar aça bilər”.

 

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın Afrikaya yönəlik siyasətini konkret olaraq hər hansı bir ölkə ilə bağlamaq düzgün deyil. Azərbaycan xarici siyasətini şaxələndirən ölkə kimi dünyanın bütün qütblərində - Amerikada, Avropada, Cənub-Şərqi Asiyada, o cümlədən Afrikada fəallığını artırır:

 

"Bu, bir neçə amillə bağlıdır. Əvvəla, Azərbaycanın müstəqil iradəyə əsaslanan xarici siyasəti var. İkincisi, Afrika keçmiş müstəmləkə əsarətindən və avtoritar diktatura rejimlərindən azad olmuş ölkələrdən ibarət qitədir. Bu dövlətlər öz dövlətçilik modelini və xarici siyasətini qurmaq üçün ciddi axtarışlar aparırlar. Onların bir çoxu keçmişdə Britaniyanın, Fransanın və digər dövlətlərin müstəmləkələri olublar.

Son on ildə Fransanın keçmiş müstəmləkələri bir-bir müstəqilliklərini möhkəmləndirmək istiqamətində addımlar atırlar. Zimbabve də 40-50 il əvvəl Britaniyadan müstəqilliyini əldə edib. Bu ölkələr Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda fəaliyyətlərini gücləndirməyə, dünya birliyində öz yerlərini tutmağa çalışırlar.

 

Buna görə də Afrika ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində şaxələndirmənin əlaməti kimi qəbul olunmalıdır. Həmin Afrika ölkələrinin bir çoxu Azərbaycanla iqtisadi, siyasi və parlamentarizm sahəsində əməkdaşlığa öz dövlətçilik modelini formalaşdırmaq istiqamətində mühüm təcrübə kimi baxırlar. Ümumilikdə, Afrika ölkəsi olan Zimbabvenin Azərbaycanla əməkdaşlığa can atması müsbət göstəricidir. Bu, həmin ölkənin həqiqətən müstəqil olmaq istəyindən və dövlətçilik modelini formalaşdırmaq baxımından Azərbaycandan nələrisə öyrənmək cəhdindən irəli gəlir. Bu əməkdaşlıq bütün hallarda dövlətlərin ziyanına deyil”.

 

Aişə Mustafayeva

#mərhələsi #azərbaycana #parlament #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər