Zəngilan uğrunda canından keçən
Zəfər tariximizin qəhrəmanlıq səhifələrini yazan igid Vətən oğullardan biri də Amin Novruzovdur. O, 2020-ci ilin “Zəngilan uğrunda gedən döyüşlərdə” göstərdiyi misilsiz şücaəti ilə xalqımızın yaddaşına qəhrəman kimi həkk olunub. O, torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü naminə canından keçərək şəhidlik zirvəsinə ucalıb. Düşmənin mövqelərinin darmadağın edilməsində ön sıralarda vuruşan Amin, Zəngilan döyüşlərində göstərdiyi igidliklə həm döyüş yoldaşlarına, həm də gələcək nəsillərə örnək olub. Onun qəhrəmanlığı azad Zəngilanın, bütöv Azərbaycanın simvoluna çevrilib.
Amin Novruzov 16 avqust 1996-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olub. 2003-cü ildə Balakən rayonu Qullar kənd tam orta məktəbinin birinci sinfinə qəbul olub. 2009-cu ildə Balakən rayonu Humanitar və texniki təmayüllü liseyin VII sinfinə qəbul olub, 2014-cü ildə həmin liseyin XI sinfini bitirib. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı “Füzulinin və Zəngilanın azadlığı uğrunda” gedən döyüşlərdə savaşıb.
Amin Novruzov noyabrın 2-də “Zəngilan döyüşləri” zamanı böyük şücaət göstərərək düşmənin 4 postunu darmadağın edərək şəhid olub. Balakən Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzov ölümündən sonra “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Nuray Əliyeva
