00:00:00
Yazar
Admin User
09.01.2026 13:04 82 5 dəq oxuma
Siyasət

Zəngəzur Dəhlizi və ABŞ-Azərbaycan Münasibətlərinin Gələcəyi

Zəngəzur Dəhlizi və ABŞ-Azərbaycan Münasibətlərinin Gələcəyi

Erməni lobbisinin təsiri və Ermənistan-Azərbaycan müharibəsi uzun müddət ABŞ-Azərbaycan münasibətlərinin inkişafına mane olub. Müharibənin rəsmi olaraq sona çatması və Tramp administrasiyasının hakimiyyətə gəlməsi bu məhdudiyyətləri aradan qaldırıb. Prezident Trampın 907-ci düzəlişlə bağlı atdığı addımlar və iki ölkə arasında Strateji İşçi Qrupunun yaradılması münasibətlərdə dönüş nöqtəsi olub. Zəngəzur dəhlizinin açılması beynəlxalq səviyyədə təsdiqlənib, Ermənistanla normallaşma prosesi irəliləyib. ABŞ-Azərbaycan əlaqələri hazırda praktik və nəticəyönümlü xarakter daşıyır, strateji tərəfdaşlıq, sərmayə, iqtisadiyyat və təhlükəsizlik sahələrini əhatə edir. Bu səbəbdən 2025-ci il uğurlu və tarixi il kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az” a açıqlamasında bildirib ki, Azərbaycan dövləti çoxşaxəli xarici siyasət yürüdür, ona görə də hər hansı bir dövlətlə münasibətlər sistemindən asılı deyil:

 

“Bundan başqa, Azərbaycan Çinlə strateji tərəfdaşlıq sənədi imzalayıb. Hansı ki, hələlik Amerika Birləşmiş Ştatları ilə belə bir münasibətlər sistemi hüquqi cəhətdən mövcud deyil. Doğrudur, strateji tərəfdaşlıq yönündə konkret hazırlıqlar görülür və işçi qrupu yaradılıb. Ancaq belə bir münasibətlər sistemi hələlik mövcud deyil. Sadəcə, dövlət başçıları səviyyəsində münasibətlər və qarşılıqlı etimad olduğu üçün bu münasibətləri strateji tərəfdaşlığa daşımaq üçün münbit mühit formalaşıb. Ona görə də Azərbaycan bir münasibəti digər dövlətlərlə münasibətlərdən asılı vəziyyətə salan siyasət yürütmür. Qonşu İran dövləti var ki, bu da Azərbaycan üçün həssas məsələdir. Birincisi, qonşu və müsəlman ölkəsi olduğu üçün, ikincisi isə İranda 40 milyona yaxın türk və azərbaycanlı soydaşımızın yaşadığını unutmayaq. Və nəhayət, hazırkı vəziyyətdə İranda azərbaycanlıların maraqlarına daha yaxın mövqedə olan Məsud Pezeşkiyan hökumətin başındadır. Bu da gələcəkdə ciddi siyasi amil rolunu oynaya bilər. Nəzərə alsaq ki, İranda ciddi ictimai-siyasi gərginlik mövcuddur və sosial, siyasi, iqtisadi etirazlar artan xətlə davam edir, indiki qeyri-müəyyənlik dövründə bunun hansı konkret nəticələrlə yekunlaşacağını birmənalı şəkildə proqnozlaşdırmaq mümkün deyil. Ona görə də türk əsilli prezident Məsud bəyin İranda rolu hüquqi cəhətdən strateji xarakter ala bilər. Çünki bütün dünyaya açıq olan və İranı çətin vəziyyətdən çıxarmaq üçün konkret siyasi iradə ortaya qoymağa hazır olan bir siyasi liderdən söhbət gedir. Yəni mövcud rejim daxilində ali dini rəhbərlik və digər güc mərkəzlərindən fərqli olaraq, İran cəmiyyətinin açılmasını, insan hüquqlarına verilən dəyərin praktik şəkildə genişləndirilməsini istəyən bir siyasi fiqurdur. Bu baxımdan perspektivdə İrana hər hansı hərbi müdaxilə olarsa, önə çıxan ən ciddi hüquqi-siyasi amillərdən biri Məsud bəyin rəhbərlik etdiyi hökumət ola bilər. Ona görə də hazırkı vəziyyətdə Azərbaycanın İranla münasibətləri normal səviyyədə saxlamasına ehtiyac var".

 

O, həmçinin bildirib ki, Amerika Birləşmiş Ştatlarının Venesuelaya son hərbi müdaxiləsindən sonra bəzi siyasətşünaslar belə bir fikir irəli sürüblər ki, guya ABŞ prezidenti ilə Rusiya prezidentinin Alyaskada (Ankoric) keçirilən görüşü kontekstində dünyanın bölüşdürülməsi məsələləri də razılaşdırılıb və bu baxımdan ABŞ-nin Venesuelaya hərbi müdaxiləsini Rusiya və Çinv sərt qarşılamayıb:

 

“Ancaq bu fikir doğru deyil. Doğrudur, bu gün 1823-cü ildə qəbul edilmiş Monro doktrinasından danışılır. Bu doktrina Avropa ilə ABŞ arasında ölkələrin daxili işlərinə qarışmamaqla bağlı razılaşma idi. Burada əsas hədəf kənar qüvvələrin, xüsusilə, imperiya və müstəmləkəçi Avropa dövlətlərinin Amerika qitəsinə, daha dəqiq desək Latın Amerikasına müdaxiləsinin qarşısını almaq idi. Bu gün Donald Tramp administrasiyası Latın Amerikasında bütün qlobal güclərin təsirinin aradan qaldırılmasını və bu coğrafiyanın öz nəzarətinə keçməsini istəyir. Ancaq Trampın siyasəti bununla məhdudlaşmır. Çünki o, həm Cənubi Qafqazda, həm Türküstan və Mərkəzi Asiyada ciddi geosiyasi və geoiqtisadi varlığını qoruyur və getdikcə daha da gücləndirir. Bu da onu göstərir ki, Trampın siyasəti Monro doktrinası çərçivəsinə sığmır və iddialar daha geniş miqyaslıdır. Eyni zamanda Çinin zəiflədilməsi kontekstində Cənub-Şərqi Asiyada ABŞ-nin mövcudluğunu da nəzərə almaq lazımdır. Atlantik okeanından Sakit okeana qədər uzanan bu siyasət ABŞ-nin yenidən təkqütblü dünya formalaşdırmaq və qlobal jandarma rolunu gücləndirmək niyyətinə işarə edir. Digər tərəfdən, Cənubi Qafqazda ABŞ varlığının artmasına qarşı Rusiyanın ciddi müqavimət göstərəcəyi hələlik gözlənilmir. Çünki Rusiya müharibə bataqlığında iqtisadi və siyasi baxımdan zəifləyib və digər regionlara kifayət qədər diqqət ayıra bilmir. Bu gün Zəngəzur dəhlizi, qeyri-rəsmi olaraq “Tramp marşrutu” adlandırılan layihənin reallaşması ABŞ-nin regionda ciddi şəkildə möhkəmlənməsi deməkdir. Rusiya isə hazırda bu proses qarşısında acizlik nümayiş etdirir".

 

Politoloq nitqinə ABŞ üçün enerji təhlükəsizliyi məsələsinin geosiyasi maraqlar kontekstində qiymətləndirilməli olduğunu vurğulayaraq davam edib:

 

“ABŞ enerji təhlükəsizliyi çərçivəsində transatlantik müttəfiqlərinin Rusiyadan asılılığını azaltmağa çalışır. Bu yolla həm Rusiyanın enerji bazarındakı mövqeyini zəiflədir, həm də öz müttəfiqlərinə, xüsusilə, Avropa İttifaqı ölkələrinə daha çox neft və qaz satmaq imkanı əldə edir. Bu kontekstdə Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq 12 ölkə ilə qaz ixracı üzrə konkret razılaşmalar əldə edib və bu layihələr ABŞ vasitəsilə ilk gündən dəstəklənir. Buna görə də enerji təhlükəsizliyi məsələsində ABŞ və Azərbaycan arasında ortaq maraqlar mövcuddur və bu, hər iki tərəf üçün faydalıdır. Xüsusilə də, Azərbaycan üçün, çünki enerji daşıyıcılarından əldə edilən gəlirlər ölkə büdcəsinin əsas hissəsini təşkil edir. Azərbaycan ABŞ ilə Strateji Tərəfdaşlıq Sənədi imzalayacağı təqdirdə bu, ölkə üçün heç bir məhdudiyyət yaratmayacaq. Bu, sadəcə əməkdaşlığın bütün sahələr üzrə dərinləşdirilməsi deməkdir. Müdafiə, təhlükəsizlik, enerji, logistika və rəqəmsallaşma istiqamətlərində perspektiv imkanlar yaranacaq. Azərbaycan şaxələndirilmiş xarici siyasət yürütdüyü üçün bir dövlətlə yüksək səviyyəli strateji münasibətlər digər dövlətlərlə əlaqələrə mane olmur. Bu baxımdan bu siyasət Azərbaycan üçün doğru və rasional yanaşmadır. Çünki bu gün Azərbaycana ən çox investisiya qoyan ölkələr sırasında ABŞ-nin rəqibi olan Çin də yer alır. Çin texnoloji sahədə Azərbaycanla ciddi əməkdaşlıq edir və bu, ölkənin rəqəmsallaşması və bərpa olunan enerji istehsalı baxımından geniş imkanlar yaradır. Göründüyü kimi, bir tərəfdən Çinlə strateji əməkdaşlıq davam edir, digər tərəfdən ABŞ ilə strateji tərəfdaşlıq istiqamətində hazırlıqlar aparılır. Bu proseslər bir-birindən asılı deyil və Azərbaycan öz suverenliyini, müstəqil siyasi iradəyə malik olduğunu açıq şəkildə nümayiş etdirir".

 

Ayşən Səlimova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər