Zəngəzur dəhlizində Naxçıvan dəmir yolu tikintisi başlayır
Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolu layihələndirilib və yaxın günlərdə tikintiyə başlanacaq. Horadiz-Ağbənd xətti 2026-cı ildə tamamlanacaq, Bakı Limanının dəmir yollarına inteqrasiyası isə yükdaşımaları 40% artırıb.
Mövzu ilə bağlı nəqilyyat eksperti Eldəniz Cəfərov “İnformator.az” a açıqlamasında qeyd edib ki, Zəngəzur dəhlizi, xüsusilə Naxçıvan üzərindən keçən dəmir yolu açıldıqdan sonra, Azərbaycan regional nəqliyyat və ticarət mərkəzi kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmiş olacaq:
“Burada bəzi yolların bağlantıları genişlənəcək. Azərbaycan, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən əsas körpü rolunu oynayacaq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri birləşəcək. Mərkəzi Asiyadan Avropaya daşımalar daha sürətli, stabil və effektiv olacaq. Yük dövriyyəsi artacaq. Artıq Bakı limanında dəmir yolu inteqrasiyası nəticəsində 40%-lik artım müşahidə olunur. Yeni dəhliz bu dinamikanı daha da gücləndirəcək. Alternativ bir marşrut yaranacaq. Regionda riskləri azaltmaq istəyən daşıyıcı və istehsalçı şirkətlər bu dəhlizi -Azərbaycan üzərindən keçən marşrutu-daha təhlükəsiz tranzit yolu kimi seçəcək və üstünlük verəcək. Yaxın perspektivdə Azərbaycan Cənubi Qafqazın ən strateji logistik ölkəsinə çevriləcək. Bu ki, qaldı layihənin Naxçıvan hissəsinə -Naxçıvan uzun illər blokada şəraitində yaşayıb və dəmir yolunun bərpası bu regionun iqtisadi strukturunda yeni bir dönüş nöqtəsi olacaq, inkişaf baxımından böyük əhəmiyyət daşıyır. Bu dəhliz Naxçıvana sərmayə axınını artıracaq. Yerli və xarici sahibkarlar burada yeni istehsal, logistika və xidmət mərkəzləri açmağa daha çox maraq göstərəcəklər. Bu, bir növ həvəsləndirici və stimullaşdırıcı rol oynayacaq. Yeni iş yerləri yaranacaq, əhalinin məşğulluq səviyyəsi artacaq. Xidmət mərhələləri və sonrakı logistik əməliyyatlar minlərlə insana iş imkanı verəcək. Eyni zamanda, malların və xidmətlərin qiyməti aşağı düşəcək, bazar genişlənəcək, məhsul çeşidi artacaq, bu isə sosial rifahın yüksəlməsinə səbəb olacaq. Turizm sahəsi də bu inkişafdan kənarda qalmayacaq -bölgəyə gediş-gəlişin asanlaşması turizmi canlandıracaq, Naxçıvanın potensialını daha geniş miqyasda reallaşdırmağa şərait yaradacaq. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə, onun əhəmiyyətini təkcə biz - Azərbaycan olaraq yox, bütün dünya artıq anlayır və qəbul edir. Bu dəhliz yalnız regional deyil, qlobal miqyasda əhəmiyyət daşıyan strateji bir nəqliyyat xəttidir”.
Mələk Hüseynova
