Təbii daşların mənası və müalicəvi xüsusiyyətləri -Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:57 19.07.2024

İnsanların əksəriyyəti təbii daşlardan olan bəzək əşyalarını mənalarını bilmədən istifadə edirlər. Bəzi insanlar bu daşların enerjisini və müalicəvi xüsusiyyətlərini bilmirlər. Demək olar ki, bütün daşların müalicəvi xüsusiyyəti və öz mənaları var.

 

Mövzuyla bağlı daha ətraflı təbii daşlar üzrə mütəxəssis Əfsanə Nəsirova informator.az-a məlumat verib. Mütəxəssis hər bir daşın mənasını və müalicəvi xüsusiyyətlərini qeyd edib:

 

"Təbii daşların hər birinin mənası və müalicəvi xüsusiyyəti var. Bu daşlara ametist, kəhrəba, əqiq, kvars, zümrüd, vulkan və digərləri daxildir. Daşlardan biri əqiq daşıdır. Əqiq daşının əsas xüsusiyyəti nəzərin qarşısını almasıdır. Əqiq daşından hazırlanmış hər hansı bəzək əşyası insana gələn nəzərin qarşısını alır. Bu daşdan hazırlanmış üzük ya digər bəzək əşyası heç bir yerə toxunmadan yerindəcə parçalanırsa, bu hal daşın insana gələn nəzərin qarşısını aldığını göstərir.

Pozitiv enerji verən daşlardan biri də pişik gözü daşıdır. Bu daş rəngarəng bir daşdır. İnsan bu daşa baxdıqda pozitiv enerji ilə yüklənir. Bu daşı istifadə edən hər bir insanda müsbət aura yaranır.

Hüzur, rahatlıq daşı olan ametist daşı yuxu problemi olan insanlar üçün müalicəvi bir daşdır. Bu daşın həmdə stressə və miqrenə xeyiri var. Bu daş yatmazdan öncə ətrafa və ya yastığın altına qoyulduqda insanın yuxuya getməsinə kömək edir. Mənim ən çox üstünlük verdiyim daş elə ametist daşıdır.

Daşlar içərisində müalicəvi xüsusiyyəti ilə seçilən kəhrəba daşıdır. Kəhrəba daşı enerjisi yüksək olan və bir çox xəstəliklərə təsir göstərən bir daşdır. Qədim zamandan bu günə kimi müalicəvi xüsusiyyətinə inanılan kəhrəba daşından zob xəstəliyinin müalicəsində istifadə olunur. Yaşlıların əksəriyyətinin boğazında bu daşdan olan qısa boyunbağılar olur. Bu daş təkcə zob üçün yox, həm də ağrıkəsici xüsusiyyət də daşıyır. Yeni diş çıxardan uşaqların qoluna bu daşdan olan qolbaq bağlanıldıqda və ya ətrafına kəhrəba daşından hazırlanmış bəzək əşyası qoyulduqda həmin daş ağrının qarşısının alır.

Daxili xəstəliklərə müsbət təsiri olan,qan dövranını yaxşılaşdıran, ürək-damar xəstəliklərinə xeyiri olan daşlardan biridə vulkan, lava daşıdır.

Bu daşları digər kimyəvi dərman vasitələri ilə eyniləşdirmək olmaz. Həmin dərmanlar, kimyəvi vasitələr istifadə edildikdən sonra ağrını dərhal kəsir, amma daşlar bunu zamanla edir. Yəni daşı taxan kimi bütün ağrı keçəcək deyə bir hal yoxdur. Təbii daşlar daimi istifadə zamanı insana təsir göstərir".

 

Zeynəb Mustafazadə