Nəsli kəsilməkdə olan heyvanlar Aya göndəriləcək
Bölmə: Maraqlı › ,Tarix: 21:54 01.08.2024
Alimlər Yerdəki zəngin heyvan müxtəlifliyini qorumaq üçün Ayda “bioloji anbar” yerləşdirmək istəyirlər. Bu anbarın Ayın çox soyuq bölgəsində, xüsusən də günəş işığı almayan kraterlərin olduğu qütb bölgələrində yerləşdirilməsi tövsiyə olunur. Biorepozitoriyada nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş milyonlarla heyvan növünün donmuş hüceyrələri olacaq.
Elon Musk kimi sahibkarlar qlobal iqlim fəlakətindən xilas olmaq üçün insanları Aya və ya Marsa göndərmək istəyirlər.
Bəs belə bir fəlakət zamanı planetimizin vəhşi təbiəti necə olacaq?
5 DƏFƏ BAHALI OLACAQ
Bioloji anbarda məməlilərdən tutmuş sürünənlərə, quşlara və suda-quruda yaşayanlara qədər milyonlarla heyvan növündən olan donmuş hüceyrələr yer alacaq.
Yer üzündə həyat yox olarsa, bu hüceyrələri klonlaşdırmaqla yeni həyat yaratmaq mümkün ola bilər. Bu həyat Yerdə, Ayda və ya başqa planetdə yarana bilər.
Alimlər Ayda tikiləcək biorepozitoriyanın dəqiq qiymətini təxmin edə bilməsələr də, onun Yerdəkindən beş dəfə baha, lakin saxlanmasının daha ucuz olacağını düşünürlər.
2 MİLYON NÖV MƏHV OLA BİLƏR
Orta hesabla 388 min 200 kilometr məsafədə olan Ay, Yer üzündəki bütün heyvanları məhv edə biləcək bir iqlim çöküşündən sağ çıxa biləcək qədər uzaqdır.
Həm də Yerdəki kimi elektrikə ehtiyac duymadan heyvan hüceyrəsi nümunələrini dondurmaq üçün kifayət qədər soyuqdur. Alimlər "biosaxlama sahəsini" Ayın çox soyuq bölgəsində, xüsusən də qütb bölgələrində yerləşdirməyi tövsiyə edirlər.
Keçən ilin noyabr ayında dərc edilən araşdırmaya görə, həm heyvanlar, həm də bitkilər daxil olmaqla 2 milyon növ nəsli kəsilmək təhlükəsi ilə üzləşib.
Mənbə: NTV Haber
Zeynəb Mustafazadə