İqtisadi inhisarlaşma: "Bu sahələrdə xeyli problemlər var"-RƏY

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:06 05.08.2024

"Yerli istehsalın artırılması üçün Azərbaycanda normal mülki, konversiya qanunvericiliyi və onun düzgün tətbiqi olmalıdır. Bazar iqtisadiyyatı üçün şərait olmalıdır ki, sahibkarlar pul qoyub, vəsaitləri birləşdirib  Səhmdar cəmiyyəti yaratsınlar və fəaliyyət göstərsinlər".


Bu sözləri "informator.az"a açıqlamasında iqtisadçı Əkrəm Həsənov söyləyib. O bildirib ki, bazar iqtisadiyyatı 3 əsas sütuna söykənir:

"Mülkiyyət hüququnun müdafiəsi,
bağlanılan müqavilələrin icrası və sağlam rəqabət şəraiti. Bunların hamısını məhkəmə təmin etməlidir. Məsələn, mən biznesə pul qoyuram istehsal edirəmsə əmin olmalıyam ki, heç kim gəlib əlimdən almayacaq. Əks halda məhkəmə məni müdafiə edəcək. Lakin Azərbaycanda belə deyil. İstənilən adamın evini belə gəlib qanunsuz dağıdırlar, sökürlər və alırlar. Sahibkar necə əmin olsun ki,onun istehsal sahəsinə məsələn, fermerdir və yaxud zavoddur, gəlib əlindən qanunsuz  almayacaqlar.
İstehsalçı ilk növbədə müqavilə bağlayır və hər hansısa xammalı birindən alır, istehsal etdiyi məhsuluda birinə satır. Kimsə müqaviləni vaxtından gec və yaxud icra etmədisə, bu zaman məhkəməyə verib ondan kompensasiya ala bilməlidir. Qeyri-sağlam rəqabətin olması sahibkarların etimadını azaldır. Məhkəmələrimiz belə qanuni qərarlar vermirlər. Bu sahələrdə xeyli problemlər var".

İqtisadçı sonda əlavə edir ki, vaxt keçdikcə iqtisadiyyat inhisarlaşır:

"Qanunvericilik Azərbaycanda zəif olduğu  üçün istehsalçılarda biznes aktivliyi düşür. Güclü kooperativ hüquq olmalıdır ki, Səhmdar cəmiyyəti yaransın. Bunun da tətbiqi yoxdur. 5-6 ildən bir dövlət proqramları hazırlayırlar lakin qanunvericilik olmasa, onların heç biri effekt verməyəcək".

 

Nərgiz Orucova