Qan azlığı( anemiya) nədən yaranır?-Həkim AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 14:46 13.08.2024
Sağlamlığımızda hiss etdiyimiz kiçik bir narahatlıq zamanı ətrafdan tez-tez "bəlkə qanın azdır" "qan analizi ver" kimi ifadələri çox eşidirik. Hər kəs qanın orqanizm üçün olan əhəmiyyətini yaxşı bilir.
Bəs ümumiyyətlə qan azlığı nədir və hansı səbəblərdən yaranır?
Bununla bağlı həkim cərrah Adil Qeybulla "informator.az"a açıqlama qan azlığının(anemiya) qanda hemoqlobin daşıyan qırmızı qan hüceyrələrinin sayca azlığına deyildiyini və yaranmasının müxtəlif səbəbləri olduğunu qeyd edib:
"Bu səbəblərdən birincisi irsi səbəbdir. Bunlar hemoqlobinopatiyalardır. Hemoqlobinin 4 zəncirindən hansısa birində və yaxud da bir neçəsində defekt olduqda, hemoqlobinopatiyalar yaranır. Buna da talassemiya xəstəliyi deyilir. Alfa və betta talassemiya şəklində həm onun daşıyıcıları, həm də xəstəlik şəklində qan azlığı ilə müşayiət olunur. Bunlar da zəncirdəki anomaliyaların səviyyəsinə görə müxtəlif dərəcələrdə ola bilər".
Həkim qan azlığı yaradan ən mühüm amillərdən birinin də dəmir çatışmazlığı olduğunu bildirib:
"Hemoqlobin bir tərəfdən qlobin zülalı ilə dəmir arasında bir zəncirdir. Ona görə dəmir çatışmazlığı olduğu təqdirdə də anemiya yaranır. Hemoqlobin çatışmazlığı eyni zamanda vitamin B12-nin çatışmazlığı ilə paralel ola bilər. Ona görə də hər bir halda qan azlığının səbəbləri araşdırılırmalıdır pasiyent də ona uyğun müalicə olunmalıdır. İrsi situasiyalarda da müəyyən çıxış yolları var. Bununla bağlı da həkimlər müəyyən tədbirlər görür.
Qan azlığı qidalanmanın keyfiyyətsizliyinə də bağlıdır. Yəni lazımı qədər qida qəbul etməyəndə, bədəndə dəmir preparatları və zülal əksik olduqda hemoqlobin də orta strukturlu zülal olduğuna görə bu da qan azlığına gətirib çıxarır".
Aləmzər İbrahimova