Məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi-Ekspert rəyi

Tarix: 23:26 05.08.2025
Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi müəllimlər üçün sertifikasiya qaydası və mexanizmi işlənib hazırlanıb və bu proses 2026-cı ildə tamamlanmalıdır.
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, 2026-cı ildə bağça müəllimlərinin sertifikasiyası nəzərdə tutulur. Məktəbəqədər Ümumtəhsil Dövlət Agentliyi bu istiqamətdə əvvəlcə diaqnostik qiymətləndirmə, sınaq imtahanları və vebinarlar təşkil etməklə hazırlıq mərhələsini həyata keçirir. Həmçinin təhlillərə görə, bu ildən etibarən diaqnostik və hazırlıq mərhələləri başlayıb. Sertifikasiya 2026-cı ildə olacaq:
"Bu addımın həyata keçirilmə səbəblərinə gəlincə, məktəbəqədər təhsil müəssisələrinin sertifikasiyası üçün əsas amillər var. Yəni bunun səbəbləri mövcuddur. Burada əsas məsələ keyfiyyətli məktəbəqədər təhsilə olan ehtiyacdır. Erkən yaş dövründə verilən təhsil uşağın gələcək inkişafında mühüm rol oynayır. Hazırda bir çox tərbiyəçi müəllim peşəkar hazırlıq baxımından yetərsizdir. Təhsil alan uşaqların məktəbə daha yaxşı hazırlanması üçün bağçalarda pedaqoji keyfiyyətin artırılması vacibdir. Digər məsələ tərbiyəçi müəllimlərin bilik və bacarıqlarının yoxlanılmasıdır. Rəsmi açıqlamalara əsasən, bu sahədə çalışan təxminən 6000 müəllimin pedaqoji təhsili yoxdur. Sertifikasiya bu sahədə çalışanların peşəkar səviyyəsini ölçən və inkişaf etdirmək üçün bir vasitədir. Həm də bu, ədalətli əməkhaqqı sisteminə keçid deməkdir. Sertifikasiya nəticəsində müəllimlərin əməkhaqqı differensiallaşdırılacaq. Yəni yaxşı nəticə göstərən müəllim daha çox maaş alacaq. Bu isə tərbiyəçilər arasında rəqabəti artıracaq və səviyyəni yüksəldəcək, deyə düşünürəm".
Həmçinin müsahib bildirib ki, bu həm də dövlət nəzarətinin güclənməsi deməkdir :
"Yeni sertifikasiya sistemi müəllimlərin fəaliyyətini ölçülə bilən meyarlarla qiymətləndirməyə imkan verir. Bu da bağçalarda tədrisin keyfiyyətinə daha ciddi nəzarət və şəffaflıq gətirir. Buna təhsil sistemində islahatların davamı da demək olar. Azərbaycanda artıq ümumtəhsil məktəblərində müəllimlərin sertifikasiyası tətbiq olunub. Bağça müəllimlərinin bu prosesə daxil edilməsi bütün təhsil pillələri üçün vahid standartların tətbiqi deməkdir. Bağça müəllimlərinin sertifikasiyasının keçirilməsi ilə bağlı gözləntilərə gəlincə, ilk növbədə təhsilin keyfiyyətinin yüksəldilməsi qeyd olunmalıdır. Yeni peşəkar bilik və bacarıqlara malik müəllimlər məktəbəqədər təhsildə daha keyfiyyətli və müasir yanaşmalar tətbiq edəcəklər. Bu da uşaqların məktəbə hazırlıq səviyyəsini artıracaq. Erkən yaş inkişafı baxımından bu, müsbət haldır və müəllimlərin motivasiyasının artması deməkdir. Yəni yaxşı nəticə göstərən müəllimlər daha yüksək maaş alacaq. Bu, tərbiyəçi müəllimləri öz üzərində işləməyə, ixtisasartırma kurslarına qatılmağa təşviq edəcək. Peşəkar inkişaf üçün mexanizm formalaşdırılacaq. Yeni sertifikasiya müəllimlərin hansı sahələrdə zəif olduğunu aşkarlayacaq. Bu isə gələcəkdə fokuslanmış təlimlərin təşkilinə zəmin yaradacaq. Standartlaşma və şəffaflıq məsələsi, eləcə də tədrisə vahid qiymətləndirmə meyarlarının tətbiqi nəticəsində müəllimlərin fəaliyyəti obyektiv qiymətləndiriləcək. Sertifikasiya yolu ilə seçilən müəllimlər cəmiyyətdə daha peşəkar, nüfuzlu kadr kimi təqdim olunacaq".
Eyni zamanda müsahib bildirib ki, burada risklər və çətinliklər də var:
"Yəni hazırlıqsız müəllimlərin sıxıntısı olacaq. Xüsusilə bölgələrdə çalışan və pedaqoji təhsili olmayan müəllimlər imtahanda çətinlik çəkə bilər. Bu, bəzi müəllimlərin işini itirməsi ilə nəticələnə bilər. Çünki sertifikasiyada iki dəfə şans veriləcək. Birinci dəfə kəsilən, ikinci dəfə də uğur qazanmasa, artıq işini itirəcək. Bu da müəllimlər üçün psixoloji gərginlik, stress yaradır. Yəni imtahan prosesi əlavə təzyiq və stress deməkdir. Bundan əlavə, bərabər imkanlar problemi də var. Yəni bütün müəllimlər eyni hazırlıq imkanlarına malik olmaya bilər, xüsusən də ucqar bölgələrdə. Ümumilikdə isə bu prosesin təsirini müsbət qiymətləndirə bilərəm. Çünki təhsilin keyfiyyəti və müəllimlərin peşəkarlığı artacaq. Lakin prosesin ədalətli, mərhələli və dəstəkli şəkildə həyata keçirilməsi vacibdir ki, mövcud sosial və pedaqoji risklər minimuma endirilsin".
Nigar Həsənzadə