"Diplom dəbə düşüb, camaat da bu dəblə gedir..."-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 18:46 11.09.2024
Demək olar ki, günümüzdəki bütün gənclər çalışır ki, diplom alıb gələcəkdə iş sahibi olsunlar.
Bəs, həqiqətən, indiki zəmanədə diplom şərtdirmi?
Mövzu ilə bağlı iqtisadçı ekspert Fuad İbrahimov "informator.az"a açıqlamasında bildirib ki, diplom, ali təhsil tamamilə elə bir vəziyyətə gəlib çıxıb ki, illər boyu işsiz ordusunu istehsal edən bir mühitə çevrilib:
"Diplom dəbə düşüb və camaat da bu dəblə gedir. Bu illər ərzində iqtisadiyyat üzrə bəlkə 100 minlərlə insan mühasibatlıq, statistikanı bitirib. Nəzər yetirsək, heç bu sahə üzrə o qədər mütəxəssis yoxdur. Yəni, o qədər diplom alanlar var ki, heç həmin sahə üzrə peşə sahibi olmur. Nəticə olaraq da öz həyatının ən dəyərli vaxtlarını itirirlər, sonra da başqa işlə məşğul olurlar. Mütləq şəkildə hansısa peşəyə sahib olmaq ən aktual məsələlərdən biridir.
Peşə hazırlığı ilə bağlı təhsilimizdə müəyyən dönüşümüz var. Lakin yenədə istənilən səviyyədə deyil.
Bu gün dünyada o qədər peşələr mövcuddur ki, onlara yüksək səviyyədə təlabat var. Kənd təsərrüfatı sektoru üzrə kifayyət qədər təlabatlı peşələr var. Lakin o sahədə boşluqlar mövcuddur. Hazırda elə peşələr var ki, kifayət qədər mütəxəssis yoxdur. Amma o qədər gənclər işsiz gəzirlər. Vaxtında onları istiqamətləndirmək lazımdır ki, doğru sahəyə yiyələnsinlər".
İqtisadçının sözlərinə görə, zərgərlik, inşaat sektoru ilə bağlı bütün spesifik sahələr hər zaman aktualdır:
"Həmçinin kənd təsərrüfatı sektoru ilə bağlı yetəri qədər peşələr var ki, onlar da olduqca aktual sahələrdir. Mütləq şəkildə təfəkkürdə dəyişiklik olmalıdır. Əksər hallarda peşə sahibliyinə üstünlük vermək lazımdır.
Təəssüf ki, çox vaxt diplom xanımlarda cehiz kimi, kişilərdə də "qız almaq" üçün lazım olur. Bu, hər kəsə şamil olunmur. Ancaq kütləvi formatda böyük bir problem var".
Elnurə Kərimova