Özəl, yoxsa dövlət universitetləri? "...heç də hamısı uğurlu göstəricilərlə yadda qalmır"-RƏY

Bölmə: Sosial › ,
Tarix: 22:59 25.09.2024

Bu gün bir neçə özəl universiteti çıxmaq şərti ilə digərlərində təhsil almaq o qədər də ciddi uğur sayılmır və tələbənin gələcək karyerasına dəyəcək zərbə kimi qiymətləndirilir. Çünki insanlar düşünür ki, özəl universitetin diplomu tanınmır. Lakin bununla belə ixtisas seçimi zamanı  özəl universitetilər kodlaşdırılır.

Bəs əslində özəl universitetlərin diplomu nə dərəcədə tanınır?

Mövzu ilə bağlı "informator.az"a müsahibəsində elm və təhsil eksperti,  Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuriyev bildirib ki, əgər bir ali təhsil müəssiəsi dövlətin rəsmi lisenziyasını alıbsa, deməli həmin diplom tanınır:

"Lisenziyanın aktiv olduğu müddətdə alınan diplomlar Azerbaycan Resbuplikasının Qanunvericiliyinə görə, ali təhsil haqqında sənəd kimi tanınır. Bu həm dövlət universitetlərində, həm də özəl universitetlərdə belədir.

Bu gün bizdə fəaliyyət göstərən özəl təhsil müəssisələri heç də hamısı uğurlu göstəricilərlə yadda qalmır. Bir çoxunda müəyyən yeniliklər olmalıdır. Tədrisə yanaşma dəyişilməlidir, kadr potensialı güclənilməlidir və ən əsası bizdə çağdaş dünyanın ali təhsil modelləri ilə ayaqlaşma olmalıdır.

3 özəl ali təhsil müəssisəmizdə: Xəzər Universiteti, Azərbaycan Universiteti, Qərbi Kaspi Universitetində biz bunun elementlərini görə bilirik. Amma yerdə qalan özəl universitetlərimizdə də, ən azı onlar səviyyədə bu mexanizimlərin həyata keçirilməsini çox istərdik. Ümumiyyətlə, bu gün dünyanın ali təhsilə baxışında özəl, dövlət anlayışları aradan çıxıb. Bu gün artıq təhsil göstəriciləri, həmin təhsil müəssiəsinin əmək bazarı, istehsalat bazarı müzakirə olunur.  Kimsədən soruşulmur ki, sənin bitirdiyin ali təhsil müəssisəsi özəldir yoxsa dövlətdir.
Əsas təhsilin keyfiyyət və göstəricisidir".

Ekspertin sözlərinə görə, gənclərimiz, abituriyentlərimiz boşda qalmasınlar deyə, təhsil keyfiyyəti zəif olan özəl ali təhsil müəssiələrinin hətta ən yararsız, əmək bazarı üçün o qədər önəmli olmayan ixtisaslarını seçirlər ki, təki tələbə adını qazansınlar:

"Biz ixtisas seçimi zamanı bir çox gənclərə dəstək olmağa çalışdıq. Onlara məsləhətlərimizi verdik. Lakin topladıqları minimum ballara görə özəl universitetlərin ən lazımsız ixtisaslarını seçməyə belə hazırdılar. Bu yanaşmanın düzəlməsi üçün isə bizə bir çox illər lazımdır".

Elnurə Kərimova