"İş dəftərləri şagirdlər üçün əlavə dərs yüküdür.."-RƏY

Bölmə: Sosial › ,
Tarix: 21:32 27.09.2024

Məktəblərdə şagirdlər üçün dərs vəsaitlərindən əlavə xüsusi iş dəftərləri mövcuddur. Müəllimlər ev tapşırıqlarını tədris kitablarından və bu iş dəftərlərindən tələb edirlər. Tədris kitablarını dövlət şagirdlərə pulsuz olaraq verir, amma iş dəftərləri valideyn büdcəsi ilə alınır. İş dəftərləri həm maddi cəhətdən, həm də əlavə dərs yükü kimi arzuolunan deyil.

Təhsil eksperti Adil Vəliyev mövzuyla bağlı "informator.az"a  müsahibəsində qeyd edib ki, iş dəftərləri şagirdlər üçün əlavə dərs yüküdür:

"Orta məktəblərdə Elm və Təhsil Nazirliyinin verdiyi dərsliklərdən başqa şahid oluruq ki, müəllimlər müxtəlif kitabların, iş dəftərlərinin alınmasını şagirdlərdən tələb edirlər. Bu hal şagirdlərin əlavə dərs yükünün artmasıdır. Şagird bir kitabdan yox, bir neçə kitabdan və yaxud bir neçə iş dəftərindən tapşırıq edərsə, sözsüz ki onun vaxtı çatmaz və bu hal şagirdin dərsdən uzaqlaşmasına səbəb olar. Elm və Təhsil Nazirliyi hər hansı kitab nəşr edərkən müəyyən kurslarla və ya nəşriyyat evləri ilə əməkdaşlıq etməli və bu barədə fikir mübadilə etməlidir ki, mövzular necə hazırlansın ki, şagirdlərin dərslərə maraqları artsın, daha həvəslə çalışsınlar. Son zamanlar olan artımı nəzərə alsaq, iş dəftərlərinin o qədərdə baha satılmadığını görərik. Məktəblərdə dərs vəsaitləri yenilənərsə, kitablar daha səmərəli istifadə olunar və şagirdlər üçün daha faydalı olar".

Zeynəb Mustafazadə