"Eternity-2024" təlimi başa çatıb: Ölkəmiz üçün nə kimi rol oynayır?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 17:25 30.09.2024
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda "Eternity-2024" çoxmillətli komanda-qərargah təlimi başa çatıb.
Bu təlimin Azərbaycan və digər dövlətlər üçün rolu nədən ibarətdir?
Bu barədə "İnformator.az"a müsahibəsində siyasi şərhçi Elmir Səftərov bildirib ki, 10 ildən çoxdur keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimləri artıq ənənəvi hal alıb:
"Üçtərəfli razılaşmaya əsasən, hər il tərəflərdən birinin ev sahibliyi etdiyi təlimlər “Eternity”, “Qafqaz Qartalı” adlandırılır. Təlimlər üç ölkənin xüsusi təyinatlı qüvvələrinin və müxtəlif qoşun növlərinin qarşılıqlı uzlaşmasına, döyüş hazırlığı səviyyəsinin artırılmasına töhfə verir, həmçinin təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır. Ölkələrin ərazisindən keçən nəqliyyat-logistika, enerji dəhlizlərinin mövcudluğu fonunda üçtərəfli formada keçirilən bu təlimlər regionda təhlükəsizliyin və sabitliyinin qorunmasında, möhkəmləndirilməsində vacib əhəmiyyətə malikdir. Koordinasiyalı şəkildə əməkdaşlıq
gözlənilməz, amma ehtimal edilən təxribat əməllərinin və təhdidlərin qarşısının alınmasına və minimuma endirilməsində hərbçilərin hazırlığını yüksəltməyə istiqamətlənib. Bu formatda əməkdaşlıq, eyni zamanda, regionda böyük enerji layihələrinin həyata keçirilməsi üçün də təhlükəsizlik baxımından xüsusi əhəmiyyətə malikdir".
Fidan Fərhadlı