Ermənistan COP29-da iştirak edəcək? -ŞƏRH
Bölmə: Sosial › ,Tarix: 10:14 31.10.2024
COP - dünyanı maraqlandıran ən əhəmiyyətli tədbirlərdən biridir. Dünya ölkələrinin əksər dövlət rəhbərlərinin, prezidentlərin iştirak etdiyi bu tədbirdə hər bir insanın həyatı ilə bağlı olan iqlim dəyişikliyi ilə əlaqəli məsələlər müzakirə olunur.
Bildiyiniz kimi bu il Azərbaycan İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibliyi edəcək. Bu zaman belə bir sual ortaya çıxır: iştirak edən öklər sırasında Ermənistan olacaqmı ? Bu məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafına necə təsir edə bilər ?
Mövzu ilə bağlı "İnformator.az" açıqlamasında politoloq Kazım Kazımov bildirib ki, Azərbaycanın COP29 kimi böyük bir tədbirə ev sahibliyi etməsi, ilk növbədə, Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu, güvənilən və inkişaf edən bir ölkə olduğunu, böyük tədbirlərə ev sahibliyi etmək potensialını ortaya qoyan faktlardan biridir:
"COP siyasi bir tədbir deyil. Azərbaycan isə həmişəki kimi xoş niyyətini göstərərək Ermənistanı da bu tədbirə dəvət edib. İndi burada Ermənistanın COP-da iştirak edib-etməyəcəyi, Azərbaycanın xoş niyyətini anlayıb-anlamamasının bir göstəricisi olacaq. Ancaq Ermənistanın bu tədbirdə iştirak edib-etməməsi nə Azərbaycan, nə də COP üçün xüsusi bir əhəmiyyət kəsb etmir. Əksinə, bu, Ermənistanın özü üçün faydalı ola bilər, çünki Ermənistanın Azərbaycanla əlaqə qurmağa daha çox ehtiyacı var".
Politoloq deyir ki, Ermənistan iştirak edərsə, özünə müsbət qazanmış olar:
"Çünki Azərbaycan artıq dinamik şəkildə inkişaf edir, diplomatik cəhətdən qələbələr qazanır. Ermənistan isə iqtisadi tənəzzül içindədir, əhalisi azalır və hələ də düşmənçilik münasibətlərini davam etdirir. Belə olan halda, əgər Ermənistan iştirak edərsə, özünə müsbət təsir etmiş olar. Əks təqdirdə, dünya bir daha Ermənistanın Azərbaycanla xoş münasibət qurmaq istəmədiyini, düşmənçilik mövqeyini davam etdirdiyini görəcək. Beləliklə, rəsmi İrəvan öz əsl simasını bir daha dünya qarşısında nümayiş etdirmiş olacaq".
Mahmud Əskərli