Uşaq "dəcəl"dir yoxsa hiperaktivlik və diqqət çatışmazlığı var? -Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 10:17 31.10.2024
Dövrün əsas problemlərindən sayılan "dəcəl uşaq", "sözə baxmayan uşaq" anlayışı əslində psixologiyada xüsusi bir diaqnoz olaraq tanınır.
Belə ki, "uşağım hər şeyi dağıdır, sındırır", "sözümə baxmır", "dərslərini oxumur", "yaddaşı zəifdir" kimi şikayətlər heç də uşağın "tərbiyəsiz" olmasından irəli gəlmir. Psixologiyada bu tip davranışlar əsasən hiperaktivlik kimi tanınır.
Bəs diqqət çatışmazlığı və hiperaktiv pozuntunun yaranma səbəbi nədir?
Mövzu ilə bağlı "informator.az"a danışan pediatr infeksionist Aytən Ziyadova deyir ki, müasir dövrdə diqqət çatışmazlığı ilə müşahidə olunan hiperaktivlik sindromu (DÇH) geniş yayılmış tibbi-sosial problemlərdən biridir:
"DÇH uşaqlarda diqqət əksikliyi, impulsiv davranışlar və hiperaktivliyin əsas simptomları ilə müşahidə olunur. Bu pozuntu məktəb yaşı dövründə, adətən 6-12 yaşlarında aşkar edilir.
Uşağa Diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇH) diaqnozu qoyulması üçün aşağıdakı şərtlər nəzərə alınır:
1. Yaş dövrü: Diaqnoz adətən 6-12 yaş arasında, uşağın məktəb və ya digər sosial mühitlərdə problemlər yaşadığı zaman qoyulur.
2. Simptomların davamlılığı: DÇH simptomları ən azı 6 ay davam etməli və uşağın həyatının müxtəlif sahələrində (məktəb, ev, sosial mühit) problemlər yaratmalıdır.
3. Yaşa uyğun davranış fərqləri: Simptomlar uşağın yaşı və inkişaf səviyyəsinə uyğun gəlməyən dərəcədə olmalıdır. Yəni, digər yaşıdlarına nisbətən daha çox diqqət yayılması, hiperaktivlik və impulsiv davranış müşahidə edilməlidir".
Həkim diqqət çatışmazlığı və hiperaktivliyin səbəblərindən bəhs edib:
"DÇH-nin yaranma səbəbləri tam dəqiqliklə bilinməsə də, əsasən bioloji və ətraf mühit faktorları ilə əlaqələndirilir:
1. Genetik faktorlar: Diqqət çatışmazlığı və hiperaktivlik ailəvi şəkildə ötürülə bilər. Valideynlərdə və yaxın qohumlarda DÇH varsa, uşaqlarda bu sindromun yaranma ehtimalı daha yüksəkdir.
2. Beyin kimyası və quruluşu: DÇH olan uşaqlarda beyin kimyasında, xüsusilə dopamin və norepinefrin kimi neyrotransmitterlərdə tarazlıq pozğunluqları olur. Bu maddələr diqqətin yönləndirilməsi, motivasiya və hərəkətlərin idarə edilməsi üçün vacibdir. Həmçinin beyinin müəyyən hissələrinin quruluş fərqləri də müşahidə olunur.
3. Ətraf mühit faktorları: Erkən yaşda travmalar, doğuş zamanı oksigen çatışmazlığı, hamiləlikdə siqaret çəkmək və ya alkoqol istifadəsi, aşağı doğum çəkisi kimi faktorlar da DÇH riskini artırır.
4. Psixososial faktorlar: Ailə içi münaqişələr, sosial stress, tərbiyə metodları kimi faktorlar da DÇH simptomlarının daha aydın formada üzə çıxmasına səbəb ola bilər.
DÇH diaqnozunu yalnız mütəxəssislər (psixoloqlar, nevroloqlar və psixiatrlar) hərtərəfli qiymətləndirmə əsasında qoymalıdır. Bu, uşağın sosial, təhsil və emosional inkişafına uyğun müalicə və dəstək proqramlarının müəyyən edilməsinə kömək edir".
Mehriban Nəsibova