Azərbaycanda İnflyasiya: Hökumət Tədbirləri və Gələcək Perspektivlər

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:01 06.11.2024

Azərbaycanda inflyasiya son dövrlərdə iqtisadiyyata ciddi təsirlər göstərməkdədir. Qiymət artımları, xüsusilə ərzaq məhsullarının bahalaşması, vətəndaşları çətin vəziyyətə salıb. Dövlətin bu vəziyyətə cavab olaraq atdığı addımlar və inflyasiyanın əsas səbəbləri barədə mütəxəssislər müxtəlif fikirlər bildirirlər.

 

Bəs inflyasiyanın səbəbləri və sosial təsirləri nələrdir? 

 

Bu barədə iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, inflyasiyanın müxtəlif səbəbləri var və bu səbəblər arasında xərc və tələb elementləri də yer alır:

 

" Xərc elementləri məhsulun istehsalının baha başa gəlməsi ilə bağlıdır. Bunun səbəbləri arasında xammalın qiymətinin artması, istilik xərclərinin yüksəlməsi və s. var. Tələb elementləri isə əhalinin gəlirinin artması ilə əlaqəlidir. İnsanların gəlirləri artdıqca, daha çox mal və xidmət almaq imkanı əldə edirlər. Bu da ümumi tələbin artmasına və nəticədə qiymətlərin yüksəlməsinə səbəb olur.

 

Kreditlərə çıxışın asanlaşması, kredit faizlərinin azalması və ya kredit şərtlərinin daha əlçatan olması həm insanlar, həm də bizneslər üçün daha çox borclanma imkanı yaradır. Bu, tələbi artıraraq inflyasiyaya təkan verir".

 

 İqtisadçı Azərbaycanda inflyasiyanın əsas səbəblərini də qeyd edib:

 

"Azərbaycanda inflyasiya yerli, həm də xarici amillərlə bağlıdır. Yerli amillərə neft, dizel və benzinin qiymət artımı, ictimai nəqliyyatda daşımaların (metro, avtobus və s.) qiymət artımı daxildir. Digər amil isə idxal nəticəsində inflyasiyanın artmasıdır. Biz bir çox məhsulları xaricdən alırıq, amma valyutalar bahalaşdıqca qiymətlərdə də artım müşahidə olunur. Azərbaycanda 2021, 2022 və 2023-cü illərdə yüksək inflyasiya olsa da, hazırda 2024-cü ildə 3,5% inflyasiya müşahidə olunur ki, bu da Mərkəzi Bankın hədəflədiyi səviyyədir".

 

Zəhra Məmmədova