Tədqiqatlar göstərir ki, Ayın sirli arxa tərəfində vulkanlar püskürüb
Bölmə: Maraqlı › ,Tarix: 19:57 16.11.2024
Çin missiyası tərəfindən toplanmış nümunələrin analizi göstərib ki, Ayda 4,2 milyard ildən çox əvvələ aid bazalt (vulkan püskürməsi nəticəsində yaranan qayalar) parçaları mövcuddur.
Bu tapıntılar cümə günü Nature və Science jurnallarında dərc edilib.
Elm adamlarına artıq Ayın Yerdən görünən hissəsindəki vulkanik fəaliyyətlər məlum olsa da, "qaranlıq tərəf" geoloji baxımdan çox fərqlidir və əsasən tədqiq olunmamış qalır.
Ayın arxa tərəfindən götürülən ilk nümunələr olan daş və toz nümunələri, təxminən iki ay davam edən və risklərlə dolu bir missiya çərçivəsində Chang'e-6 kosmik gəmisi toplayıb.
Çin Elmlər Akademiyasının mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqatçılar vulkanik qayaların yaşını təyin etmək üçün radiometrik tarixləmə metodundan istifadə ediblər.
Onların təhlili həmçinin təxminən 2,83 milyard il əvvəl "təəccüblü dərəcədə gənc" bir püskürmənin baş verdiyini üzə çıxarıb. Bu, Ayın görünən tərəfində indiyə qədər aşkar edilməyib.
Mənbə: Bbc news
Nuray Qurbanlı