Titanik qəhrəmanına hədiyyə edilən saat satıldı
Bölmə: Maraqlı › ,Tarix: 14:59 18.11.2024
700 nəfərin həyatını xilas edən Titanik qəhrəmanına hədiyyə edilən qızıl saat rekord qiymətə – 1,5 milyon funt sterlinqə satıldı.
18 karatlıq Tiffany & Co. cib saatı, 15 aprel 1912-ci ildə Titanik bir aysberqə çırpılaraq batdıqdan sonra həyatını itirən üç zəngin iş adamının dul qadınları tərəfindən kapitan Artur Rostrona hədiyyə edilib.
Rostron 1912-ci ildə Nyu-Yorkdan Aralıq dənizinə gedən RMS Carpathia buxar gəmisinin marşrutunu dəyişərək batmaqda olan Titanikdən gələn təcili yardım çağırışlarını cavablandırıb.
Saatda belə bir yazı həkk olunub:
“Kapitan Rostrona səmimi minnətdarlıq və dərin təşəkkürlə təqdim edilmişdir. Titanikdən üç sağ qalanın adından – 15 aprel 1912-ci il. Cənab John B. Thayerin xanımı, Cənab John Jacob Astorun xanımı və Cənab George D. Widenerin xanımı.”
Xanım Astorun əri, John Jacob Astor IV, Titanikdəki ən varlı şəxs idi və o, məşhur şəkildə James Cameronun 1997-ci ildə çəkdiyi “Titanik” filmində təsvir edilib. O, hamilə həyat yoldaşını xilasetmə qayığına mindirməyi bacardı, lakin təxminən 1.500 nəfərlə birlikdə həlak oldu.
Mənbə: CNN
Nuray Qurbanlı